Amerika polisi prezident Donald Trampın impiçmentini dəstəkləyən tədbirdə çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin mayorunu saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, hərbçi Ceyson Uotson çərşənbə günü keçirilən mitinqdən sonra saxlanılıb. O, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin vəzifədən uzaqlaşdırılmasına çağırış edib. Tədbir bir qrup amerikalı fəal tərəfindən təşkil olunub. Aksiyada Trampın impiçment təşəbbüsləri ilə tanınan demokrat konqresmen Ell Qrin də iştirak edib.
Uotson çıxışında Trampla Vensi İran və Venesuela ilə bağlı əməliyyatlara, eləcə də hazırkı administrasiyanın miqrasiya siyasətinə görə tənqid edib.
Polis bildirib ki, Konqres üzvünün müşayiəti olmadan Kapitol ərazisində keçirilən istənilən aksiya qanunsuz sayılır. Uotson əvvəlcə konqresmenlə birlikdə əraziyə daxil olsa da, həmin şəxs binanı tərk etdikdən sonra polis ondan aksiyanı dayandırmağı tələb edib. Lakin o, polisin əmrinə məhəl qoymadığı üçün “kütləvi toplaşmanın təşkili və narahatlıq yaratma” ittihamı ilə saxlanılıb.
Əliyar Xəlil