Son aylarda Azərbaycanda avtomobil bazarında alqı-satqının zəiflədiyi, buna baxmayaraq bəzi seqmentlərdə qiymətlərin aşağı düşdüyü müşahidə olunur. Ekspertlər bildirirlər ki, bazarda təklif tələbi üstələyir, xüsusilə ikinci əl avtomobillərə maraq əvvəlki illərlə müqayisədə azalıb.
Maşın bazarında canlanma niyə yaranmır? Hazırda avtomobil almaq üçün əlverişli dövrdür, yoxsa qiymətlərin daha da enməsi gözlənilir?
Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib ki, əvvəllər idxal olunan avtomobillər qısa müddətdə, bəzən 10-15 gün ərzində satıldığı halda, hazırda bəzi avtomobillər aylarla alıcı gözləyir:
“Satış prosesinin uzanması investorların risklərini artırır və onları avtomobilləri daha aşağı qiymətlə satışa çıxarmağa məcbur edir. Bunun əsas səbəblərindən biri ötən il tətbiq edilən güzəştlərin başa çatacağını əvvəlcədən bilən şəxslərin, xüsusilə paralel idxalla məşğul olan fərdi sahibkarların 2025-ci ilin son rübündə ölkəyə daha çox avtomobil gətirməsi olub. Onlar güzəştlərin bitəcəyini nəzərə alaraq iri həcmdə avtomobil idxal edib, müxtəlif şəxslərin adına rəsmiləşdirərək anbarlarda saxlayıblar. Həmin avtomobillərin əhəmiyyətli hissəsi isə hələ də satışdadır”.
Eyyub Əliyev
AADA sədri bildirib ki, nəticədə ötən ilin sonlarında qeydə alınan yüksək idxal həcmi bu ilin bazarına da təsir göstərib:
“Tələbatın müəyyən hissəsi əvvəlcədən qarşılanıb. Rəsmi idxalçıların satdığı zəmanətli avtomobillərin qiymətlərində artım müşahidə olunmur. Əksinə, müxtəlif kampaniyalar çərçivəsində alıcılara güzəştlər təklif edilir. İkinci əl avtomobil bazarında isə müəyyən aktivlik olsa da, nəzərəçarpacaq dinamika müşahidə edilmir”.
Ləman İmran
Globalinfo.az