serencam 12

“İntellektual gömrük” informasiya sistemi yaradılıb.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmana əsasən, “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

    Fərmanla müəyyən edilib ki, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

    Dövlət Gömrük Komitəsi İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, İGİS-in “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.

    Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

    X X X

    Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

    Globalinfo.az xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılıb.

      Aşağıdakı büdcə təşkilatları yaradılıb:

      Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi;

      Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi;

      “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu;

      “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;

      “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxsin əsasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC);

      “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi;

      “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu.

      Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı publik hüquqi şəxslərin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etməlidir.

      3.1. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

      3.2. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

      3.3. “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

      3.4. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;

      3.5. “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs.

      4. Bu Fərmanın 3-cü hissəsi ilə yaradılması nəzərdə tutulan məhdud məsuliyyətli cəmiyyətlərin (bundan sonra – Cəmiyyətlər) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

      4.1. Azərbaycan Respublikasının Prezidentinə:

      4.1.1.Cəmiyyətlərin Müşahidə Şurasının yaradılması;

      4.1.2. Cəmiyyətlərin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

      4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

      4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətlərin yenidən təşkili və ləğvi;

      4.3. Müşahidə Şurasına:

      4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətlərin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

      5. Müəyyən edilsin ki:

      5.1. Agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən mərkəzi icra hakimiyyəti orqanıdır;

      5.2. Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

      5.3. Cəmiyyətlərin nizamnamə kapitalı aidiyyəti üzrə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;

      5.4. Cəmiyyətlərin strukturu, ştat vahidləri və əməkhaqqı sistemləri, bu Fərmanın 6.3-cü və 9.2-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətlərin Müşahidə Şurası tərəfindən müəyyən edilir;

      5.5. bu Fərmanın 1 – 3-cü hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan yeni qurumlara keçir;

      5.6. bu Fərmanın 1-ci və 2-ci hissələrinə, habelə 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə və yarımbənddə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirirlər;

      5.7. Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirirlər.

      6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

      6.1. üç ay müddətində:

      6.1.1. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

      6.1.1.1. bu Fərmanın 1 – 3-cü hissələri, habelə 6.1.2-ci yarımbəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

      6.1.1.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin əsasnaməsinin layihəsi, habelə strukturu və işçilərinin say həddi;

      6.1.2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxsin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etsin;

      6.1.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

      6.1.4. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə və 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələrinin (nizamnamələrinin) təsdiq edilməsi, strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;

      6.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;

      6.3. işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini (xidmət olunan inzibati ərazi vahidlərinin sayı əsasında komplektləşdirməklə) bir ay müddətində təsdiq etsin;

      6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

      7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

      7.1. Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

      7.2. Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakının aidiyyəti üzrə Cəmiyyətlərin balansına verilməsi üçün müvafiq tədbirlər görsün;

      7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

      8. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs:

      8.1. iki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyətin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etsin;

      8.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, mövcud strukturunun optimallaşdırılması, habelə bu Fərmanın 8.1-ci bəndində nəzərdə tutulan cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin müəyyən edilməsi ilə bağlı nizamnaməsinə uyğun olaraq tədbirlər görsün;

      8.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

      9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

      9.1. bu Fərmana əsasən yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;

      9.2. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.

      X X X

      “Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol” təsdiq edilib.

      Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

      Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

      Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.

      Qeyd edək ki, sözügedən Protokol 2025-ci il iyunun 5-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında imzalanıb.

      Paylaş: