Xəbər verdiyimiz kimi, hüquqşünas Fərhad Mehdiyev qızının ölümü ilə bağlı bir sıra iddialar səsləndirib. O bildirib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına yaralı vəziyyətdə gətirilmiş qızı Zəhra Mehdiyevaya lazımi müdaxilələr edilməyib.
Globalinfo.az məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb:
“Baş vermiş hadisə ilə əlaqədar vəfat edən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verir və yaşanan hadisədən kədərləndiyimizi bildiririk.
Xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb. Daxil olduqdan dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub.
İlkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib. Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib.
Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib”.
Zaira Akifqızı
Globalinfo.az