eb650484 719c 4c64 9648 1d488c6f1864

Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda NATO-nun şərq cinahında hərbi hazırlıq tədbirləri genişlənir. Belə ki, Almaniya Litvada genişmiqyaslı hərbi kontingent yerləşdirməyə hazırlaşır. Paralel olaraq, Litva da müdafiə imkanlarını gücləndirmək məqsədilə 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib.

Bu, yeni müharibə ocağının yaranması deməkdir?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, belə bir addım birbaşa müharibə hazırlığı kimi qiymətləndirilə bilməz:

“Almaniyanın Litvada hərbi kontingent yerləşdirməsi daha çox Rusiya və Belarusdan qaynaqlanan potensial təhdidlərə qarşı NATO-nun kollektiv müdafiə siyasətinin tərkib hissəsidir. Bu, eyni zamanda çəkindirmə strategiyasının əsas elementlərindən biridir. Məqsəd odur ki, Almaniya alyans qarşısında götürdüyü müttəfiqlik öhdəliklərini yerinə yetirsin. Maraqlı məqamlardan biri də odur ki, bu, Bundesverin (Almaniya ordusu) tarixində daimi əsasda xaricdə həyata keçirdiyi ilk belə yerləşdirmə missiyası hesab olunur”.

eziz elibeyli esas

Əziz Əlibəyli

Ekspert bildirib ki, hazırda Litvada minlərlə alman hərbçisi xidmət edir:

“Onlar Belarus sərhədinə yaxın ərazilərdə mütəmadi təlimlər keçirirlər. Gələcəkdə bu kontingentin sayının təxminən 5 min nəfərə çatdırılması həm hərbi, həm də mülki dəstək personalının bölgədə yerləşdirilməsi planlaşdırılır. Yaxın perspektivdə müharibə riskinin yüksək olduğunu demək doğru olmaz. Lakin uzunmüddətli perspektivdə təhlükəsizlik mühitinin necə dəyişəcəyini də nəzərdən qaçırmamalıyıq. Almaniyanın tarixi təcrübəsi və Avropada baş verən geosiyasi proseslər göstərir ki, mövcud təhdidlər gələcəkdə müəyyən şəraitdə daha real xarakter ala bilər. Buna görə də NATO ölkələri indidən çəkindirmə və müdafiə imkanlarını gücləndirməyə çalışırlar”.

Ləman İmran
Globalinfo.az

Paylaş: