usaqliq 90 ci iller

Hər şey yeniliyə doğru dəyişib, daha əlçatan, daha rahat olub, elə yayda min bir həvəslə qaçdığımız dəniz də…Amma təəssüf ki, həmin istilik, həmin zövq yoxdur. Bəlkə də hər gün səbəbini düşünürəm və hər dəfə müxtəlif səbəblər beynimdə dolanır.

Əvvəllər qohumlarla indiki dövr üçün ucuz, komfortsuz sayılan avtomobillərdə 7-8 nəfərlə birgə deyə-gülə dənizə gedərdik. Ya maşının “kapot”unda, ya da yerdə süfrə açıb az nemətlə, böyük xoşbəxtlik yaşayardıq. Dəniz ətrafında əyləşmək üçün masalar olmazdı. İndi isə dənizin kənarında nəyinki masalar, hər növ şezlonqlar, müasir dizaynlı kabanalar göz oxşayır. Əvvəllər bir restoran belə tapmadığımız dəniz kənarında indi hər cür təamlar təklif edən “N” qədər iaşə obyektləri var. Daha min bir əzaba qatlanıb evdən yemək daşımırıq. Yəni qısacası, hər şey var, çox da mükəmməl səviyyədə, sadəcə dediyim o zövq yoxdur, o xoşbəxtlik yoxdur.

Bəlkə də uşaq idik maraqlı idi, bəlkə də əlçatmaz idi deyə xoşbəxt olurduq, bəlkə də birlik vardı deyə zövq alırdıq… Bəlkələr çoxdur… Reallıq isə odur ki, xəyalını qurduğumuz arzuların gerçək olduğu dövrdəyik, amma təsəvvür etdiyimiz qədər də möhtəşəm günlər deyilmiş.

Xülasə, sən, ey uşaqlıq…!

Səninlə bağlı xatirələrin ən sadə anları belə bu gün ən qiymətli sərvətdir. Yay tətilinin bitməyəcəyini düşündüyümüz günlər, səhərdən axşama qədər küçədə oynadığımız oyunlar, bir dondurmanın belə böyük sevinc bəxş etdiyi vaxtlar yaddaşımızda olduğu kimi qalıb. O zamanlar nə telefon vardı, nə də sosial şəbəkələr, amma söhbətlərimiz uzun, münasibətlərimiz daha səmimi idi. Axşam düşəndə həyət-bacada eşidilən uşaq səsləri günün ən gözəl musiqisi kimi duyulurdu. Bayramlar təntənəli, qonaqlıqlar doğma, görüşlər həyəcanlı keçirdi…

Bəlkə də həmin günlərin gözəlliyi imkanların çoxluğunda yox, hisslərin saflığında idi. İllər keçdikcə həyatımıza dediyim o rahatlıq gəldi, amma qayğısızlıq yavaş-yavaş uzaqlaşdı. İndi hər şeyə daha asan çatırıq, lakin çox şeyin dəyərini o qədər də hiss etmirik. Uşaqlıq isə heç nəyə baxmadan bizə sahib olduqlarımızla xoşbəxt olmağı öyrətdi. Elə buna görə də insan bəzən keçmişə deyil, uşaqlığının özünə, gəncliyinə həsrət qalır.

leman imran

Ləman İmran
Globalinfo.az

Paylaş: