Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Parlament seçkilərinin ilkin nəticələrinə görə, daha çox səs toplayan Baş nazir Nikol Paşinyanın bu istiqamətdə planlarının reallaşıb-reallaşmayacağı və müxalifətin prosesə hüquqi yolla mane olub-olmayacağı diqqət mərkəzindədir.
Paşinyan Ermənistanın konstitusiyasına düzəlişi edə biləcək? Müxalifət bu addıma hüquqi, leqal yolla mane olmaq imkanına malikdirmi?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, seçkilərin nəticələri Paşinyanın rəhbərlik etdiyi hakim qüvvənin növbəti dəfə hökumət formalaşdırmaq hüququ qazandığını göstərir:
“Seçkilərin ən mühüm nəticəsi hakim partiyanın konstitusion çoxluğa nail ola bilməməsidir. İlk baxışdan bu, adi hal kimi görünür. Amma Ermənistanın qarşısında duran əsas siyasi məsələlər, yəni Azərbaycanla sülh müqaviləsinin imzalanması, regional kommunikasiyaların açılması, dövlət idarəçiliyinin yenidən təşkili və xüsusilə də yeni konstitusiyanın qəbulu fonunda məsələnin əhəmiyyəti daha da artır. Son illərdə Paşinyan dəfələrlə Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bəyan edib. Bu yanaşma yalnız daxili siyasi islahatlarla bağlı deyil. Məlumdur ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan və Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasını təşkil edir. Məhz buna görə də konstitusiya dəyişikliyi məsələsi artıq Ermənistanın daxili hüquqi prosedurundan çıxaraq regional təhlükəsizlik və sülh gündəliyinin mühüm elementinə çevrilib. Lakin seçkilərin nəticələri göstərir ki, Paşinyan hökuməti formalaşdırmaq üçün kifayət qədər siyasi dəstək qazansa da, konstitusiyanı istədiyi formada dəyişdirmək üçün lazım olan institusional üstünlüyə malik deyil”.
Elçin Mirzəbəyli
Deputat bildirib ki, Ermənistan Konstitusiyasının 202-ci maddəsi konstitusiya dəyişikliklərinin hüquqi mexanizmini kifayət qədər aydın müəyyənləşdirir:
“Həmin maddəyə əsasən Konstitusiyanın əsas bölmələri, o cümlədən dövlətin əsaslarını müəyyən edən 1-3-cü fəsillər, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə və digər fundamental müddəalar yalnız referendum yolu ilə dəyişdirilə bilər. Bu halda təşəbbüs hüququ Milli Məclis deputatlarının ən azı üçdə birinə, hökumətə, seçki hüququ olan 200 min vətəndaşa məxsusdur. Ancaq burada diqqətdən yayınan mühüm məqam var. Konstitusiya referendumunun keçirilməsi üçün yalnız təşəbbüs kifayət etmir. Layihənin referenduma çıxarılması barədə qərar parlament tərəfindən ümumi deputat sayının ən azı üçdə iki səsi ilə qəbul edilməlidir. Məhz bu səbəbdən Paşinyanın qarşılaşdığı əsas problem referendumun təşkili deyil, referenduma gedən yolu açmaqdır. Bəzən iddia olunur ki, 200 min seçicinin təşəbbüsü parlament maneəsini aradan qaldıra bilər. Lakin Konstitusiyanın mətni bunun əksini göstərir. Hətta 200 min imza toplansa belə, referendumun keçirilməsi üçün parlamentin üçdə iki səs çoxluğu ilə qərar qəbul etməsi zəruridir. Deməli, seçicilərin təşəbbüsü referendumun avtomatik elan olunması anlamına gəlmir”.
Elçin Mirzəbəylinin sözlərinə görə, Konstitusiyanın 202-ci maddəsinin üçüncü hissəsi maraqlı siyasi manevr imkanı yaradır:
“Fundamental müddəalara aid olmayan dəyişikliklər üçün parlament layihəni üçdə iki səslə qəbul etmədikdə, həmin layihə deputatların ən azı beşdə üç hissəsinin səsi ilə referenduma çıxarıla bilər. Bu norma nəzəri baxımdan hakimiyyətə müəyyən manevr imkanı verir. Lakin ərazi iddialarına yol açan əsas müddəalar Konstitusiyanın fundamental hissələrinə aid olduğundan, bu mexanizmin praktiki əhəmiyyəti məhdud görünür. Bu vəziyyət Paşinyanı bir neçə seçim qarşısında qoyur.
Birinci yol müxalifətlə siyasi konsensus axtarmaqdır. Lakin seçki kampaniyasının gedişi və Ermənistanın mövcud siyasi qütbləşməsi nəzərə alınarsa, belə bir konsensusun əldə olunması asan görünmür.
Digər istiqamət cəmiyyətdə yeni Konstitusiya ilə bağlı geniş siyasi səfərbərlik yaratmaqdır. Bu halda 200 min imza hüquqi mexanizmdən daha çox siyasi təzyiq alətinə çevrilə bilər. Hakimiyyət parlamentdə çatışmayan səsləri ictimai rəyin təsiri ilə kompensasiya etməyə cəhd göstərə bilər.
Daha real variant isə Konstitusiya dəyişikliyinin Azərbaycanla sülh sazişi, Türkiyə ilə normallaşma və iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsidir. Əgər Ermənistan cəmiyyətinə yeni Konstitusiyanın regional inteqrasiya, investisiyalar və təhlükəsizlik üçün zəruri olduğu izah edilərsə, o zaman bu məsələyə müqavimət zəifləyə bilər”.
Deputat vurğulayıb ki, bütün hallarda seçkilərin nəticəsində Paşinyan siyasi hakimiyyətini qoruyub saxlayıb, lakin konstitusion hegemonluq əldə edə bilməyib:
“Bu isə o deməkdir ki, qarşıdakı dövrdə Ermənistan siyasətinin əsas mübarizə xətti hökumətin formalaşdırılması deyil, dövlətin gələcək hüquqi kimliyinin necə müəyyənləşdirilməsi ətrafında cərəyan edəcək. Yekun sülh sazişinin gələcəyi də böyük ölçüdə məhz bu prosesdən asılı olacaq. Çünki sülh sazişinin taleyi Ermənistanın öz Konstitusiyası ilə münasibətində, öhdəliklərinə əməl etməsində, ərazi iddialarından və bu iddialara yol açan digər davranışları hüquqi-siyasi gündəmdən bitdəfəlik çıxarmasında öz həllini tapmalıdır”.
Ləman İmran
Globalinfo.az