Ali mehkeme 23

Ali Məhkəmə beynəlxalq yük daşınması ilə bağlı mühüm hüquqi mövqeyini açıqlayıb.

Bu barədə Globalinfo.az-a qurumdan məlumat daxil olub.

Ali Məhkəmənin Mətbuat Xidmətindən daxil olan məlumata görə, məhkəmə beynəlxalq yük daşınması zamanı yük göndərənin və daşıyıcının müəyyən edilməsinə dair mühüm hüquqi mövqe ifadə edib.

Bildirilib ki, baxılan iş üzrə iddiaçı cavabdeh şirkətin sürücüsü ilə əldə olunmuş şifahi razılaşmaya əsasən ona məxsus xurma məhsulunun Rusiyaya daşınmalı olduğunu, lakin daşınma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məhsulun yararsız hala düşdüyünü və vurulmuş zərərin ödənilməsini tələb edib.

Araşdırma zamanı məlum olub ki, yükün daşınmasına dair rəsmi sənədlərdə – gömrük bəyannaməsində və beynəlxalq yük qaiməsində (CMR) yük göndərən qismində başqa şəxs, daşıyıcı qismində isə hüquqi şəxs göstərilib. Məhz bu ziddiyyət məhkəmə mübahisəsinin əsas predmetini təşkil edib.

Ali Məhkəmə qərarında vurğulayıb ki, kommersiya münasibətləri yüksək riskli və mürəkkəb xarakter daşıdığından belə mübahisələrdə sübutetmə standartları daha yüksək olmalıdır. Bu baxımdan yazılı sübutların, xüsusilə müqavilələrin və daşıma sənədlərinin hüquqi əhəmiyyəti xüsusi önəm daşıyır.

Qərarda qeyd olunub ki, qaimə əksi sübuta yetirilmədikcə yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu, yükün daşıyıcı tərəfindən qəbul edilməsini, yükün kim tərəfindən göndərildiyini və daşıyıcının kim olduğunu təsdiq edən əsas sənəd hesab edilir.

Ali Məhkəmə həmçinin xatırladıb ki, Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən dedikdə adından yük göndərilməsi rəsmiləşdirilən şəxs başa düşülür. Buna görə də qaimədə və gömrük sənədlərində yük göndərən kimi göstərilən şəxs ilkin hüquqi qiymətləndirmədə məhz yük göndərən hesab edilməlidir.

Məhkəmə hesab edib ki, rəsmi sənədlərdə adı göstərilən şəxslər prosesə cəlb edilmədən və tərəflər arasındakı hüquqi münasibətlər araşdırılmadan yalnız şifahi izahatlar əsasında nəticəyə gəlmək qanunvericiliyin tələblərinə uyğun deyil.

Daşıyıcının müəyyən edilməsi məsələsinə münasibət bildirən Ali Məhkəmə qeyd edib ki, daşıyıcı kimi göstərilən hüquqi şəxsin statusunu yalnız ehtimal olunan işgüzar praktikalara istinad etməklə inkar etmək mümkün deyil. Bunun üçün tərəflər arasında formalaşmış və mübahisəsiz qəbul edilən işgüzar praktikanın mövcudluğunu təsdiqləyən etibarlı sübutlar təqdim edilməlidir.

Nəticə etibarilə Ali Məhkəmə belə qənaətə gəlib ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalı, həmin sənədlərdə göstərilən şəxslərin hüquqi statusu qiymətləndirilməli və yalnız bundan sonra məsuliyyət məsələsinə baxılmalıdır.

Ali Məhkəmə sahibkarlara da tövsiyə edib ki, yük daşınması sahəsində hüquqlarının etibarlı müdafiəsi üçün bütün münasibətləri düzgün sənədləşdirsinlər, yalnız şifahi razılaşmalarla kifayətlənməsinlər və daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsinə xüsusi diqqət yetirsinlər.

Paylaş: