Kuba hakimiyyəti ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşmaq üçün ölkə vətəndaşlarına silah paylamağa başlayıb və yerli əhalini açıq şəkildə hazırlıq görməyə çağırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Venesuelanın “Diario Versión Final” nəşri məlumat yayıb.
Bildirilir ki, silah paylanmasının səbəbi ABŞ-ın ada ətrafında hərbi mövcudluğunu artırması və ABŞ dövlət katibi Marko Rubionun Kubanı qonşusu üçün təhlükə yaradan “uğursuz dövlət” kimi xarakterizə edən bəyanatlarıdır.
“CNN” müxbiri Patrik Oppmannın sözlərinə görə, döyüş ssenarisinə hazırlıq o həddə çatıb ki, dövlət binalarının administratorları kirayəçilərlə hərbi logistika məsələlərini müzakirə edirlər:
“Əsas ofislərimizin yerləşdiyi dövlət binasında idarəçilərdən biri bizə yaxınlaşıb soruşdu ki, işğal olacağı halda ofisə ehtiyacımız olacaqmı”.
Yerli sakinlər bildirirlər ki, əhali arasında narahatlıq və yorğunluq hissi hökm sürür:
“Bəzi kubalılar bu vəziyyətin hər nə olursa olsun bitməsini istədiklərini deyirlər”.
Bundan əvvəl ABŞ-ın Kubaya qarşı addımları ilə bağlı qətnamə layihəsi ABŞ Konqresinə təqdim edilib.
Əliyar Xəlil
Globalinfo.az