2015-2023-cü illərdə Türkiyə Böyük Millət Məclisində deputat olmuş Xalqların Demokratik Partiyasının (HDP) üzvü, erməni əsilli türkiyəli siyasətçi Qaro Paylan İrəvanda çətin anlar yaşayıb.
Paylanın küçədə türkcə danışması ermənilərin xoşuna gəlməyib. Nəticədə ciddi mübahisə yaranıb. Ermənilər Paylandan əvvəlcə, “Sən kimsən?”, – deyə sorşublar. O da erməni olduğunu bildirib. Bir qadın, “Bura Ermənistandır, mənim ana vətəndimdir, burada ermənicə danışmalısan”, – deyə, etirazını bildirib. Başqa biri isə Paylana, “Manqurt, türk casusu, rədd ol get, səni istəmirik, ermənisənsə, niyə türkcə danışırsan?”, – deyib.
Qaro Paylan Türkiyədə Erməni Apostol Kilsənin əsas adamlarından, Türkiyə ermənilərinin ən məşhur nümayəndələrindəndir. O, müxalif partiyada yer alsa da, rəsmi şəxslərlə daimi əlaqdədir. Paylan Ermənistan rəhbərliyi ilə də yaxın münasibətlərə malikdir, İrəvan hakimiyyətindən olan müxtəlif şəxslərlə daimi dialoqdadır. Tez-tez Erməistana səfərlər edir, xarici ölkələrə gedib orada fəaliyyət göstərən erməni diasporu və lobbi üzvləri ilə görüşür. Paralel olaraq Türkiyədə erməni icmasının tələblərini ölkənin ən böyük platformalarına çıxarır. Zaman-zaman Azərbaycanla “sülh” çağırışları etsə də, ölkəmizə qarşı ittihamlardan da geri çəkilmir. Ermənilər onu sevməsə də, “erməni soyqırımı” iddiasına əsasən Türkiyənin Osmanlının varisi olaraq “məsuliyyətli tərəf” rolunu oynaması ideyasını dəstəkləyir.
Ankaranın uzatdığı “zeytun budağı” və ermənilərin nifrət çağırışı
Son iki ayda Türkiyənin Ermənistanla normallaşma prosesində müşahidə olunan “sürətli yaxınlaşma” xüsusi diqqət çəkir. Məsələn, elə 2 gün əvvəl Qarsda iki ölkənin iş adamlarının yüksək səviyyəli görüşü keçirildi, Ankara və İrəvan rəsmiləri də bura qatıldı. Daha əvvəl Ani körpüsünün birlikdə bərpası qərarlaşdırıldı. Həmçinin İğdırda Ermənistana turların təkil edildiyi bildirilir. Hətta erməni iş adamları və rəsmi şəxslər də iki ölkə arasında sərhədin bağlı olmasına rəğmən, məhz quru sərhədini keçib görüşə qatılmışdılar. Maraqlıdır ki, mehriban, sülhsevər Türkiyə xalqı, rəsmi şəxslərinin uzatdığı dost əlinə sadəcə Ermənistanın rəsmi şəxsləri və hökumətə yaxın olanlar müsbət cavab verirlər. Xalqın fikri isə hələ də revanşizm xəyalları ilə məşğuldur.
Paylan Türkiyədə erməniliyin təmiz, saf, pis niyyətsiz olduğunu, qaranlıq əməllərinin geridə qaldığını təbliğ edir. Amma nə Ermənistanda, nə də dünya erməniləri arasında sevilir. Buna rəğmən inadla türk xalqı arasında bildiyini yürüdür, çünki məsələ aydındır, onun fəaliyyəti ilə bağlı qərarları birbaşa özü vermir. Bu, təbiidir və anlaşılandır. Paylan hətta ABŞ-da ermənilərin ən çox kök saldığı Los-Ancelesə səfəri zamanı da buradakı icma arasında çox böyük rezonansla qarşılanmış, qaçıb erməni kilsəsinı sığınmış, daha sonra oradan da çıxarılmışdı, ona “türk casusu” deyirdilər.
Həqiqətən də, “sən türk olduğunu unutsan da, düşmən unutmur”muş. Sülh gözəldir, vacibdir, mütləqdir, Azərbaycanın da arzusudur. Lakin revanşist xülyaların olmadığı təqdirdə. Ermənistan Türkiyə ilə normallaşma prosesi aparır, baş nazir Nikol Paşinyan Ağrı dağının erməni somvolu olmadığı fikrini müdafiə edir, pasportlardan işarəni çıxartdırır, “erməni soyqrımı” məsələsini arxa plana atmağa çalışır. Lakin xalq, diaspor, lobbi tamamilə əksini düşünür, edir. 100 ildən çoxdur düşmən münasibətində olan xalqlar arasında ilk növbədə nifrətə şərait yaradan amillərin tamamilə aradan qaldırılması vacibdir. Əvvəlcə Ermənistan Konstitusiyası dəyişdirilməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına əsas yaradan sənəd ləğv edilməlidir ki, gələcəkdə İrəvanda hakimiyyət dəyişər, revanşist kəsim rəhbərliyə gələrsə, yeni torpaq təcavüzünə rəsmi şərait üçün heç bir əsas qalmasın. Həmçinin Türkiyəyə qarşı “erməni soyqırımı” iddiası da sıradan çıxarılmalıdır.
Nəzərə almaq lazımdır ki, ermənilər ötən əsrin müxtəlif illərində dəfələrlə təşkilatlanaraq türk siyasətçiləri, rəsmilərinə qarşı məhz “soyqırımının intiqamı” şüarı ilə sui-qəsdlər, terror həyata keçiriblər.
Ayşən Mustafa
Globalinfo.az