4e4a9fc4 b690 46bf 9fe2 bfeb6a75724b

1993-cü ilin 4 iyun tarixi Azərbaycanın müasir tarixinə ləkə kimi düşüb. Bu təqvimdə Azərbaycanda hərbi qiyam baş verdi. Polkovnik Surət Hüseynov komandanı olduğu 709 saylı hərbi hissəni dövlətə qarşı qaldırdı və əmrlərə tabe olmadı. Nəticədə Azərbaycanda böyük faciələr yaşandı. Məhz 4 iyundan sonra ölkəmizin hərbi məğlubiyyətləri başladı. Qarabağ və ətraf rayonlar bir neçəsi işğala məruz qaldı. Vətəndaş müharibəsi təhlükəsi yarandı. Bu qiyamdan 33 il ötür. Məşum hadisə bu gün də müxtəlif aspektlərdən qiymətləndirilir və müzakirə edilir.

Qiyamdan əvvəl Bakıdan Gəncəyə yüksək rütbəli məmurlardan ibarət bir heyət göndərilmişdi. Əbülfəz Elçibəy hökumətində təmsil olunan bu şəxslər hadisələrlə yerində tanış olmaq, mərkəzə hesabat vermək, lazım gələrsə, Surət Hüseynovla danışıqlara başlamaq üçün ora getmişdi.

Amma Gəncə Şəhər Polis İdarəsinin binasında olarkən qiyamçılar tərəfindən girov götürüldülər.

Girov götürülən heyət aşağıdakılar idi:

Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbərov
Daxili işlər nazirinin müavini Qabil Məmmədov
Kənd təsərrüfatı naziri Tofiq Hüseynov
Baş prokuror İxtiyar Şirinov
Daxili Qoşunların komandanı Fəhmin Hacıyev
Bələdiyyə polisinin rəisi Mehdi Mehdiyev
Üçüncü Korpus komandiri İsa Sadıqov

Hətta İxtiyar Şirinova girovluqda Prezident Əbülfəz Elçibəyin həbsinə dair order imzalatdırılmışdı. Fəhmin Hacıyev isə sonradan hansısa yolla girovluqdan qaçmağı bacarmışdı.

Həmin dövrdə və sonrakı illərdə bu hadisə ilə bağlı müxtəlif müzakirələr aparılıb, Əbülfəz Elçibəy hakimiyyəti ciddi şəkildə tənqid edilib. Bu qınaq həm də orada girov düşən məmurların ünvanına səsləndirilirdi ki, necə ola bilərdi ki, dövlətin yüksək vəzifəli məmurları başıpozuq qiyamçı dəstə tərəfindən girov götürülsün.

Globalinfo.az-a danışan o zamankı baş nazir Pənah Hüseyn deyib ki, 7 nəfərin girov götürülməsi bir qədər subyektiv məsələdir:
“Silahlı qiyam qalxıb və dövlət vəzifəli şəxslər öz xidməti vəzifələrini yerinə yetirərkən girov götürülüblər. Bu, qiyamın nəticəsi olub. 4 iyun qiyamı ilə bağlı məhkəmə materialları var, istintaq aparılıb, qərarlar mövcuddur. Bu barədə siyasi, o cümlədən parlament qərarları var və bu hadisənin qanuni seçilmiş prezidentin hakimiyyətinə qarşı silahlı qiyam olduğu qeydə alınıb. Bu, Azərbaycan üçün çox fəlakətli nəticələrlə bitib”.

Sabiq baş nazir deyib ki, həmin vaxt 3 rayon işğal olunub və ölkə böyük bir fəlakət qarşısında qalıb:

“Buna görə də çox uzun müddət lazım gəldi ki, fəlakətin nəticələrini zəiflətmək və Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün olsun. Düşünün, həm torpaqlarımız işğal olunub, həm ölkənin mövcudluğu təhlükə altına düşüb. Ayrı-ayrı insanlara qarşı, istər dövlətimizə, istər mülki şəxslərə qarşı cinayət əməlləri törədilib. Qiyam qanuni hakimiyyətin devrilməsi ilə nəticələndi, faktiki olaraq Elçibəy hakimiyyətdən uzaqlaşdırıldı və bunun Azərbaycan üçün fəlakətli nəticələri oldu”.

1757941921 penah huseyn

Pənah Hüseyn

Həmin illərdə mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olan Oqtay Qasımov isə deyib ki, iyun hadisəsi Azərbaycan tarixinin ən məşum hadisələrindən biridir:

“O zaman Rusiyanın, İranın və digər qüvvələrin dəstəklədiyi hərbi müxalifət və onlara dəstək verən siyasi müxalifət Azərbaycanda dövlət çevrilişinə cəhd göstəriblər, nəticədə Gəncədə qiyam baş verib. Təəssüf ki, bu qiyam hakimiyyətin devrilməsi ilə başa çatıb. Bütün mənalarda bu üç ölkə həm siyasi, həm hərbi, həm də maliyyə dəstəyi verib. Belə ki, qiyam qaldıran Surət Hüseynovun dəstələrinə o zaman Rusiya ordusunun Gəncədə yerləşmiş diviziyasının ölkədən çıxarılmasından sonra silah, sursat və hərbi texnikası təhvil verilib və qiyam zamanı bundan istifadə olunub. Təbii ki, o zaman Azərbaycanda ciddi problemlərdən biri hüquq-mühafizə sistemində idi. Xüsusilə də orduda Rusiya kəşfiyyatının agentura şəbəkəsinin çox ciddi imkanlara malik olması idi. Bu səbəbdən də qiyam başlanandan 10 gün sonra Müdafiə Nazirliyində keçirilən müşavirədə bu məsələlərin siyasi məsələ olduğu və Müdafiə Nazirliyinin prosesə qarışmadığı ilə bağlı qərar qəbul olundu. Təəssüf ki, bunlar tariximizdə qaldı”.

Gəncəyə göndərilən hökumət nümayəndələri və onların girov götürülməsi məsələsinə gəlincə, Oqtay Qasımov bunları deyib:

“O zaman Sülhəddin Əkbər, İxtiyar Şirinov, Qabil Məmmədov, Mehdi Mehdiyev, Tofiq Hüseynov və İsa Sadıqov girov götürülüblər. Onların müxtəlif şəraitdə saxlanılması Gəncədə qiyamın yatırılması ilə bağlı cəhdləri uğursuzluğa düçar edib. Hökumətin etibar etdiyi şəxslər bu prosesin qarşısını ala bilməyiblər və özləri də girov götürülüblər.

oqtay qasimov 5
Oqtay Qasımov

Bu, proseslərin gedişatına ciddi təsir edib. Təəssüf ki, bu hadisə Azərbaycanda sonrakı dövrlər üçün də pis presedent yaradıb. Biz yaxşı xatırlayırıq ki, 1994-cü ilin oktyabrında Gəncədə növbəti dəfə dövlət çevrilişinə cəhd edilib və bunun qarşısı alınıb. Bundan başqa, 1995-ci ilin mart ayında növbəti dəfə dövlət çevrilişinə cəhd edilib. Presedent də məhz o zaman formalaşıb. Bu hadisə Azərbaycan tarixi üçün acınacaqlı bir səhifə kimi yadda qalacaq. Belə ki, seçilmiş hakimiyyət silah yolu ilə devrilir və Rusiyanın dəstəklədiyi qüvvələr Bakıya doğru hərəkət edir, nəticədə torpaqların işğalına şərait yaranır. O zaman bu qiyamın qarşısının alınması ilə bağlı qərar verilib. Dövlət Müdafiə Komitəsi – hazırkı Milli Təhlükəsizlik Şurasının iclasında konkret qərarlar qəbul olunub. Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan 709-cu hərbi hissənin tabe etdirilməsi ilə bağlı prezidentin də göstərişi olub. Təəssüf ki, bu qərarın icrası uğurla həyata keçirilməyib və nəticə fərqli olub”.

O.Qasımov bildirib ki, qiyam baş verənə qədər 3 rayon işğal edilmişdi:

“1992-ci ilin mayın 8-də Şuşa, 18-də Laçın işğal olunub. 1993-cü ilin 2 aprelində Kəlbəcər işğala məruz qalıb. Digər rayonlar – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan isə qiyamdan sonra işğal olundu. Təəssüf ki, bu qiyam torpaqların işğalına yol açdı. Sərhədlərdə, döyüş bölgəsində müəyyən xaos yarandı və burada da Surət Hüseynovun tərəfdarlarının rolu oldu. Bu da ölkədə daxili xaos, siyasi hakimiyyət uğrunda mübarizə və dövlət çevrilişinə cəhdlə nəticələndi”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: