Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Rusiya ilə münasibətlərdə nə siyasi, nə də iqtisadi gərginlikdə maraqlıdır.
Globalinfo.az xəbər verir ki, Mirzoyan bu barədə Rusiyadan səslənən bəyanatları və bəzi məhsulların ixracına qoyulan məhdudiyyətləri şərh edərkən deyib.
Nazirin sözlərinə görə, Ermənistan tərəfi rusiyalı rəsmilərin açıqlamalarını diqqətlə izləyir və münasibətlərdə gərginliyin yaranmasını istəmir:
“Bu, həm siyasi dialoqa, həm iqtisadi əlaqələrə, həm ikitərəfli münasibətlərə, həm də Aİİ və MDB kimi çoxtərəfli platformalarda əməkdaşlığa aiddir. Hesab edirik ki, mövcud olan və yarana biləcək bütün problemlər sağlam, konstruktiv və tərəfdaşlıq ruhunda həll olunmalıdır”, – Mirzoyan bildirib.
O qeyd edib ki, bəzi dairələr ixrac problemlərini Ermənistan-Rusiya münasibətlərindəki gərginlik və ya İrəvanın Qərbyönlü siyasəti ilə əlaqələndirməyə çalışırlar.
“Belə düşünənləri məyus etməliyəm. Bu cür problemlər həmişə olub. Son 5, 10, hətta 20 ildə də alkoqollu içkilərin, meyvə-tərəvəzin Rusiya bazarına çıxarılması ilə bağlı oxşar çətinliklər yaşanıb. Mövsüm başlayan kimi müəyyən problemlər ortaya çıxır”, – deyə Ermənistan XİN başçısı vurğulayıb.
Əliyar Xəlil