Rizvan N%C9%99biyev

“Bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və növbəti 25 ildə bu göstəricinin 60 faizə yaxınlaşacağı gözlənilir. Eyni zamanda, 300 milyondan çox insan evsizlik problemi ilə üzləşir və 2030-cu ilə qədər artan tələbatı qarşılamaq üçün hər gün təxminən 100 min yeni əlçatan mənzilə ehtiyac yaranacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Rizvan Nəbiyev WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.

Deputat qeyd edib ki, bugünkü rəqəmsal dövrdə 5 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir və bu, yerli urban məsələlərin qlobal gündəmə çıxmasına imkan yaradır:

“Bununla belə, inklüzivlik vacibdir, qadınlar, gənclər, məcburi köçkünlər və digər həssas qrupların səsi proseslərdə əks olunmalıdır. Azərbaycanın da bu sahədə öz təcrübəsi var. İşğal dövründə təxminən 1 milyon azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, azad edilmiş ərazilərdə isə genişmiqyaslı bərpa və yenidənqurma aparılır. Bu prosesdə media həm dağıntıların, həm də bərpa prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb”.

R.Nəbiyev bildirib ki, son illərdə Azərbaycan UN-Habitat ilə birlikdə Ağdam, Zəngilan və digər şəhərlərdə urban forumlar keçirərək bu dialoqu daha da gücləndirib:

“Nəticə olaraq, dayanıqlı şəhərlərin gələcəyi təkcə fiziki infrastrukturdan deyil, həm də informasiya mühitindən və ictimai diskursun keyfiyyətindən asılıdır. Media bu baxımdan şəhərləri daha insani, şəffaf və dayanıqlı gələcəyə aparan əsas güclərdən biridir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: