1 11

Mayorkada fövqəladə vəziyyət elan edilib və İspaniya hökuməti bölgəyə hərbçilər göndərib. Bundan əlavə, İspaniyanın müxtəlif bölgələrində təxminən 24 min Mülki Qvardiya əməkdaşı xidmətə cəlb olunacaq. Buna səbəb isə avqustun 12-də baş verəcək tam Günəş tutulmasıdır. Ada həmin tarixdə gözlənilən turist axınına hazırlaşır.

Globalinfo.az “Bild” nəşrinə istinadla xəbər verir ki, hərbçilər avqustun 10-dan 14-dək bir neçə bələdiyyədə polisə dəstək verəcəklər. Onların əsas vəzifələri yolları nəzarətdə saxlamaq, təcili yardım və digər xilasetmə xidmətlərinin hərəkəti üçün yolları açıq saxlamaq, həmçinin adanı meşə yanğınları təhlükəsindən qorumaq olacaq.

Yerli hakimiyyət orqanları turistlərin kəskin artmasının nəqliyyatda ciddi problemlərə səbəb ola biləcəyindən və təhlükəsizlik risklərini artıracağından narahatdır.

Mayorkada Günəş tutulması yerli vaxtla təxminən saat 19:37-də başlayacaq. Əvvəlcə qismən tutulma müşahidə olunacaq, daha sonra isə təxminən 20:30-da tam tutulma başlayacaq. Tam faza təxminən saat 20:33-də başa çatacaq. Bundan sonra yenidən qismən tutulma mərhələsi başlayacaq və bu proses təxminən saat 20:53-dək davam edəcək.

Beləliklə, Günəş tutulmasının bütün mərhələləri bir saatdan bir qədər çox davam edəcək, lakin tam qaranlıq cəmi üç dəqiqə sürəcək.
Qeyd edək ki, tam Günəş tutulmasını İspaniyanın digər bölgələrində, o cümlədən Valensiya, Kastiliya və Leon, Qalisiya və Basklar ölkəsində də müşahidə etmək mümkün olacaq.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: