Sah Ismail3 123

Səfəvilər İmperiyasının qurucusu Şah İsmayılla bağlı müzakirələr son dövrlərdə yenidən gündəmə gəlib. Onun siyasi fəaliyyəti, dini baxışları və Səfəvilər dövlətinin tarixdəki rolu ətrafında aparılan müzakirələr cəmiyyətdə fərqli fikirlərin səslənməsinə səbəb olur.

Bir tərəfdən Şah İsmayılın Azərbaycan tarixindəki rolu vurğulanır, digər tərəfdən isə həmin dövrün hadisələrinin bu gün hansı məqsədlərlə gündəmə gətirildiyi sual doğurur. Bəzi fikirlərə görə, bu müzakirələrin arxasında tarixi faktlardan daha çox məzhəbçilik meylləri dayanır.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Şah İsmayılla bağlı mövzu dəfələrlə ölkə ictimaiyyətində müzakirə olunub:

“Bir çox insan onun haqqında mübahisəli fikirlər səsləndirir. İlk növbədə, bunun müsbət tərəfi odur ki, Azərbaycan ictimaiyyəti öz tarixinə, tarixi şəxsiyyətlərinə sahib çıxır.

İkincisi, Azərbaycan cəmiyyəti, xüsusilə gənclər araşdırmağa meyillidir. Müxtəlif məlumatları gənclər araşdırıb üzə çıxarırlar. Bu, real tarixi faktları öyrənmək baxımından heç də kiçik məsələ deyil.

Bununla belə, mənfi yanaşmaları da görmək olur. Nəzərə alaq ki, Şah İsmayıl və Səfəvilər dövlətinin adı daha çox bəzi məqamlarda məzhəbçilik üzərindən çəkilir. Bir çox şəxslər zərərli qrupların təsirinə düşərək bu cür mənfi fikirlər səsləndirirlər.

Şah İsmayıl Xətainin yeri tariximizdə sabit və müstəsnadır. O, Azərbaycan dilinə və ədəbiyyatına böyük töhfə verib. İlk olaraq, Azərbaycan dilini bu qədər yüksək səviyyədə qiymətləndirən şəxsdir.

Ümumiyyətlə, onun haqqında mənfi fikirlərə bu gün Azərbaycan ictimaiyyəti lazımi şəkildə cavab verir. Onu müdafiə edənlərin arqumentləri çox daha əsaslı və ciddidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: