İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və “ağıllı şəhər” layihələri artıq Azərbaycanın şəhərsalma modelini beynəlxalq müzakirələrin mərkəzinə çıxarır. COP29-dan sonra WUF13 kimi nüfuzlu forumun da Bakıda keçirilməsi ölkənin qlobal tədbirlərin təşkili və urbanizasiya sahəsində artan rolunu göstərir. BMT-nin də yüksək qiymətləndirdiyi “WUF13 Bakı standartları” gələcək beynəlxalq forumlar üçün yeni idarəetmə və təşkilati model formalaşdıra bilər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi şəhərsalma modeli gələcəkdə digər ölkələr üçün real nümunəyə çevrilə bilərmi və “WUF13 Bakı standartları” beynəlxalq tədbirlərin təşkili sahəsində yeni meyar yarada bilər?
Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları münaqişədən sonrakı bərpa və dayanıqlı urbanizasiya üçün qlobal miqyasda innovativ model kimi dəyərləndirilir:
“WUF13-ün Bakıda keçirilməsi qərarı çox səviyyədə məntiqlidir. Azərbaycan ən son COP29 və əvvəlki böyük beynəlxalq tədbirlərdə artıq özünü göstərən təşkilati potensialı nümayiş etdirdi: logistika işi, institusional koordinasiya, mürəkkəb miqyaslı toplantılara ev sahibliyi etmək bacarığı təqdirəlayiq hal qəbul edilməyə layiqdir”.
Müşfiq Cəfərov
Deputat bildirib ki, WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir:
“COP29-un uğurlu təşkili Azərbaycanın böyük qlobal tədbirləri idarə etmək qabiliyyətini artıq sübut edib. COP29 çərçivəsində formalaşmış institusional təcrübə bu gün WUF13-ün təşkilində də mühüm rol oynayır. COP29-dan sonra WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal proseslərdə ardıcıl və sistemli rolunu nümayiş etdirir”.
Müşfiq Cəfərov əlavə edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir:
“WUF13 və COP29 kimi tədbirlər bu prosesin mühüm tərkib hissəsidir. Azərbaycan artıq yalnız regional inkişaf modeli deyil, həm də qlobal şəhərsalma və dayanıqlı inkişaf platformasının fəal iştirakçısıdır. Bu isə ölkənin gələcəkdə daha böyük beynəlxalq təşəbbüslərdə əsas aktor kimi çıxış edəcəyini göstərir”.
Zaira Akifqızı
Globalinfo.az