“İlk bəyanatım bu olacaq: hamımız həbsxanaya gedə bilərik, amma dövlətimə əl uzatmayacaqsan…”
Globalinfo.az Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir:
Birinci hissə BURADA
– İqbal bəy, amma müxalifətin bəzi komponentləri, əsasən xarici dairələrdən təlimatlar alan bəlli qruplar Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması qərarını məqsədyönlü şəkildə kontekstdən çıxarmağa çalışır. Müxalifət iddia edir ki, Avropa Parlamenti ilə əlaqələrin kəsilməsinin pərdəarxası səbəbləri bu təşkilatın insan hüquqları və demokratiya tələbləri ilə bağlıdır. Guya iqtidar Avropa məkanından uzaqlaşmaqla məsuliyyətdən yayınmağa çalışır…
– Hesab edirəm, iki şeyi qarışdırmağa ehtiyac yoxdur. Azərbaycanda insan haqları da pozulur, məmur özbaşınalığı da var, korrupsiya da, rüşvətxorluq da var. Amma bunu əsas gətirib dövlətimin maraqlarına, hətta dövlət sərhədlərinin dəyişdirilməsinə, etnik separatizmin bərpasına çalışacaqsansa, mənim ilk bəyanatım bu olacaq: son nəfərimizə qədər, hamımız həbsxanaya gedə bilərik, amma dövlətimə əl uzatmayacaqsan.
Biz burada siyasi şəxs, vətəndaş cəmiyyəti və KİV olaraq nədən ötrü mübarizə aparırıq? Dövlətimizin güclənməsi, böyük dövlət olması üçün. Əgər kimsə bunun qarşısını almaq üçün mənim hüquqlarımdan istifadə edəcəksə, mən o hüquqları elə dövlətimə təslim edirəm. Yəni bu kontekstdə fərqli yanaşmağı bacarmalıyıq. Bizdən heç kəs sui-istifadə edib dövlətə qarşı öz maraqlarını qorumağa çalışmamalıdır.
Yenə deyirəm, bəli, Azərbaycanda insan haqları pozulur. Lakin kimlərsə mənim haqlarımla terrorçunun haqlarını eyni tutursa, mən o siyahıda yer almaram. 30 il Azərbaycanda qan tökülüb, şəhərlər dağıdılıb, bir milyon insan yerindən qovulub, 10 mindən çox insan həyatını itirib, yüz minlərlə insanın psixologiyası pozulub, körpələr yetim qalıb. Bütün bu cinayətləri edən terrorçu ilə mənim haqlarım bir tutulursa, bu ədalətsizlikdir. Mən bütün hallarda ədalətsiz davranışların əleyhinəyəm.
Bu istiqamətdə hakimiyyətə səslənişim başqadır. Azərbaycanda insan haqları qorunmalıdır. Azərbaycanda müstəqil məhkəmə sistemi təmin olunmalıdır. Amma bu tələblərlə Avropadan gələn tələblər arasında fərq var. Mən deyirəm ki, Araik Arutyunyanın ömürlük həbs cəzası alması doğrudur. Çünki bu şəxs Gəncədə, Bərdədə həlak olan və yaralanan insanların səbəbkarıdır. Bunu heç kəs dəyişə bilməz. Amma hökumət də bu istiqamətdə ən azı müəyyən addımlar atmalıdır.
Biz Avropa ailəsindəyik. Biz dünyadan təcrid olunmuş şəkildə yaşaya bilmərik. Gələcəkdə cəmiyyət maraqlarını nəzərə alaraq dövlətin maraqlarını qorumaq üçün bu yerdən bizi vurmağa çalışmasınlar deyə, humanizm qapısı açıq saxlanmalıdır. Hətta dövlətin təbirincə cinayət etmiş, bizim təbirimizcə isə haqları pozulmuş şəxslərin azadlığa buraxılması da düşünülməlidir. Dövlət güclü olanda bunu etməlidir. Bu gün dövlətimiz güclüdür. Lakin heç kəs təminat vermir ki, dövlətimiz həmişə güclü qalacaq. Bu gün dövlətimiz güclüdürsə, bu problemi həll etməlidir ki, zəif vaxtında həmin problemlər hansısa çətinliklər yaratmasın.
Bu gün dövlət yüksəlişdədirsə, qorxmamalıdır. Amnistiya qapısını açmalı, həbsdəki bəzi insanları azadlığa buraxmalıdır. Onların cəmiyyətə fərqli şəkildə adaptasiya olunmasını təmin etməlidir.
Mən çox sevindim ki, Prezident məmurların maaşını artırdı. Bu, mənim üçün yeni bir siqnal idi. Çünki bu o demək idi ki, korrupsiyalaşmış məmur sistemindən yavaş-yavaş imtina ediləcək və yeni sistemə keçiləcək. Dəfələrlə demişdim ki, mənə bir şey çatmır: özəl sektorda 1500 manat maaş alan biri niyə 900 manat maaş alan icra başçısı vəzifəsinə getsin? Demək ki, burada korrupsiya var. Amma indi həmin vəzifələrin maaşı artdığı üçün çalışan məmur vətənə, millətə və təmsil etdiyi siyasi partiyaya daha sadiq olar.
Hesab edirəm ki, cəmiyyətin maraqları da təmin edilməlidir. İndi vətəndaşa doğru addım atmaq lazımdır. Məmura o qədər maaş verilirsə, vətəndaşın da üstünlükləri təmin edilməlidir. Qaz və işıq limitləri ləğv edilməli, kommunal xidmətlərin və cərimələrin məbləği azaldılmalıdır.
Qanunlar insanları rahat etmək üçündür. Bu gün Azərbaycanda çıxarılan bəzi qanunlar isə insanları narahat edir. Hökumət bunu düşünməlidir. Hətta bəzən qayda yaratmaq üçün qəbul edilən qanunlar vətəndaşı daha çox narahat edir. Bunun daha rahat üsullarını tapmaq lazımdır.
Bu gün cərimələr vətəndaşı narahat edir. Maaşlarla müqayisədə cərimələr yüksəkdir. Bu, bəlkə də şəhərdə qayda-qanun yaratmaq üçündür, amma vətəndaşı narahat edir. Taksi ikinci zolaqda saxlayır ki, vətəndaş düşsün, dərhal cərimə edilir. Vətəndaşı narazı edən yox, onu rahatlaşdıran qanunlar qəbul etmək lazımdır.
– Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etdi. Səfər Aİ–Bakı münasibətlərinin gələcəyi baxımından müsbət qiymətləndirilir. Bir tərəfdən Qərbin bəzi institutları Azərbaycana qarşı qətnamələr qəbul edir, digər tərəfdən isə önəmli qurumlar, dövlətlər münasibətləri inkişaf etdirməyə çalışır. Bu təzadın əsas səbəbi nədir?
– Bu ikili yanaşma deyil. Biz bunu öyrənməliyik. Parlament fərqli ölkələrin fərqli nümayəndələrindən, özü də xalqın seçdiyi nümayəndələrdən ibarətdir. Parlamentin funksiyası ayrıdır. Onun rəhbərliyi isə Avropa siyasətini yeridir. Avropa İttifaqının nümayəndələri — Kaya Kallas və onun timsalında digərlərinin səfərləri Azərbaycan iqtidarına mesaj verir ki, Avropa İttifaqı sizinlə əməkdaşlıq etməkdə maraqlıdır. Parlament isə deyir ki, mən müxtəlif ölkələrdən təşkil olunmuşam və müxtəlif nümayəndələrdən ibarətəm, bizim də seçki maraqlarımız var.
Azərbaycan xarici siyasətinin gücü ondan ibarət olmalıdır ki, bu iki yanaşmanı uzlaşdırsın. Bu uzlaşdırmanın bir yolu daha sərt mövqedir. Milli Məclisin qərarı ilə biz bunu gördük. Bir daha deyirəm, mənə görə bu doğru qərar idi.
Avropa Parlamenti fərqlidir. İcra və qanunverici orqan arasında fərq var. Biz buna öyrəşməmişik. Çünki bizdə iqtidar nə deyirsə, parlamentdə də onu deyilir. Bizdə iqtidar hansı siyasəti yürüdürsə, parlament də onu ifadə edir. Bunu dəyişmək lazımdır. Fərqli səslər çıxmalıdır, fərqli mövqelər səslənməlidir.
Cəmiyyətin maraqları müsahibələrdə, debatlarda, hansısa siyasi partiyaların bloklaşmalarında yox, daha çox parlamentdə müzakirə edilməlidir. Seçici də buna qiymət verməlidir. Ona görə Avropa İttifaqının bizə münasibəti ilə Avropa Parlamentinin münasibəti arasındakı fərqdə qəribəlik axtarmağa ehtiyac yoxdur.
– Ermənistan–Azərbaycan sülh prosesi ilə paralel olaraq Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində də addımlar atılır. Bu proses rəsmi Bakıda narahatlıq yaratmasa da, Türkiyə–Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıçın Ermənistana son səfəri zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı. Belə ki, o, “Rubenə 30-40 təklif verdim; onların heç biri Türkiyə üçün heç bir fayda güdmürdü deyib. Əsas məqsədim Ermənistanın rifahına töhfə vermək idi” deyib. Sizcə, bu açıqlama diplomatik nəzakət nümunəsi idi, yoxsa verilmiş siyasi mesaj kimi qiymətləndirilməlidir?
– Hesab edirəm ki, Ermənistan məsələsində Azərbaycan ilə Türkiyə uzun illərdir razılaşdırılmış siyasət aparır. Bakı ilə İrəvan arasındakı münasibətlər yeni mərhələdə olduğu üçün Türkiyə ilə münasibətlərin də yeni mərhələyə çıxması istiqamətində razılaşdırılmış addımlarda qeyri-adi heç nə yoxdur. Ermənistana daha isti münasibət göstərilir ki, fərqli dövlətlər bu ölkəyə daha çox müdaxilə etməsin.
2006–2008-ci illərdə Azərbaycan parlamentində mən mütləq şəkildə deyirdim ki, Ermənistan–Türkiyə sərhədləri açılmalı, Rusiyanın Cənubi Qafqazdakı dominantlığına son qoyulmalıdır. Bütün qapıları bağlayıb Ermənistanın üzünü Rusiyaya çevirməsinə şərait yaratmaq özü milli mənafeyə ziyan idi.
İndi çəkinmək, qorxmaq lazım deyil. Türkiyə qapılarını açmalıdır, Azərbaycan qapılarını açmalıdır və Ermənistan özünü regionda fərqli şəkildə hiss etdirməyi bacarmalıdır. Əks təqdirdə Ermənistan yenidən Cənubi Qafqazda marağı olan başqa gücləri bu regiona çəkib gətirəcək. Necə ki, əvvəllər Rusiyanı çəkmişdi, bu gün Fransanı və başqalarını da cəlb edir. Belə olan təqdirdə isə sülh tərəfdarlarının mövqeyi zəifləyəcək.
Ona görə də bu məsələlər xırda detallar deyil. Bəlkə də Serdar Kılıç İrəvanın qədim türk torpağı olduğunu eyham vuraraq “özümü evimdəki kimi hiss edirəm” ifadəsini işlədirdi. Məsələyə bu yöndən də pozitiv yanaşmaq lazımdır.
– Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir. Seçkilərlə bağlı proqnozlarınız nədir? Mövcud siyasi vəziyyətdə Nikol Paşinyanın hakimiyyətini qorumaq şansı nə dərəcədə real görünür?
– R. Köçəryan və onun komandası, o cümlədən S. Karapetyanın əhəmiyyətli səs qazanıb hakim mövqeyə çıxacağını gözləmirəm. Paşinyan 70 faizə qədər səs qazana bilər. Bu, artıq cəmiyyətdə də bilinir.
Rusiyanın rəsmi şəxslərinin dediyinə görə, Paşinyan qələbə qazanarsa, Rusiya seçkiləri tanımayacaq, tanklar Ermənistan daxil olacaqmı, orada Rusiyanın hərbi bazasından qarşıdurma üçün istifadə ediləcəkmi, təxribatlar və digər məsələlər baş verəcəkmi, Paşinyan öldürüləcəkmi kimi suallar var. Məsələn, 1999-cu ildə Ermənistan parlamentində baş verən güllələnmə hadisəsi (Vazgen Sərkisyan və Karen Dəmirçiyanın öldürülməsi) bizim gözümüzün qarşısında baş verib. Rusiya nələr edə bilər, bunu indidən demək çətindir. Çünki Putinin son parad çıxışı əslində bir sıra məqamlardan xəbər verir. Bu, siyasi mövqedən çox, sərt güc mövqeyidir.
Bu ayın sonunda Avrasiya İqtisadi İttifaqının yığıncağında Paşinyanın iştirak etməyəcəyi artıq bəyan edilib. O, bunu seçkilərlə əlaqələndirib. Bu da Rusiya üçün xoş xəbər deyil. Buna görə də, əgər seçkilər olacaqsa və xarici müdaxilə olmazsa, Paşinyan qalib gələ bilər.
– Rusiyanın Ermənistandakı seçki prosesinə müdaxilə edəcəyi ilə bağlı iddialar səslənir. Siz bu ehtimalları nə dərəcədə real hesab edirsiniz və Moskvanın Ermənistandakı siyasi proseslərə təsir imkanları hazırda hansı səviyyədədir?
– Rusiya hər şey edə bilər. Hətta ABŞ-ın Maduronu bir gecədə apardığı kimi Rusya da Nikol Paşinyanı apara bilər. Hər şey mümkündür.
– Məlum olduğu kimi, Rusiyada Qələbə Paradı keçirildi. Bir çox ekspertlər bunu son illərin ən zəif və təsirsiz paradlarından biri kimi qiymətləndirdi. Nə Ermənistanın Baş naziri Nikol Paşinyan, nə də Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmədi. Bu məqam Kremlin regiondakı təsir imkanlarının zəifləməsinin göstəricisi sayıla bilərmi?
– Bu ondan xəbər verir ki, Vladimir Putin artıq gedəcək və Rusiya yeni bir dövrə qədəm qoyacaq. İran müharibəsi ətrafında proseslər bitdikdən sonra Ukraynanın əli daha açıq olacaq. Kiyev bu şəkildə Rusiyaya daha böyük zərbə vuracaq. Daxildə də narazılıqlar artacaq, hətta Kreml daxilində də gərginlik yüksələcək. Beləcə, Putinin hakimiyyətdən gedəcəyi ehtimalı yaranacaq.
Putin əslində kim idi ki, onu Çubays təqdim etmişdi. O da ABŞ-ın adamı idi. Hətta Putini Sobçaka da, Yeltsinə də o təqdim etmişdi. Çubays 2022-ci ildə müharibə başlayanda da Putinin yanında idi. Müharibə başlayandan sonra isə ABŞ-yə getdi. Yəni Putin özü də oranın adamı idi.
Putin üzərinə düşən vəzifələr vardı. Putinin missiyası bitdiyi üçün bu gün getməlidir. Putin o qədər irəli getmişdi ki, 2002-ci ildə “Böyük 8-lik”in görüşündə deyirdi ki, biz NATO-ya üzv olmaq istəyirik. İndi isə NATO-nun əleyhinə danışır. Onda Putinə başa saldılar ki, sənin başqa missiyaların var. Bu missiyalar da bitdi. Ona görə Putin gedəcək.
Söhbətləşdi: Turan Rzayev
Fotolar: İntiqam Əhmədov
Globalinfo.az
