Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ətrafında artan gərginlik fonunda bölgədə hərbi-siyasi ritorika daha da sərtləşir. Belə ki, BƏƏ-də mülki obyektlərə raket və PUA hücumlarının baş verdiyi bildirilir, lakin İran ordusu bu əməliyyatlarda iştirakını təkzib edir. Eyni zamanda, Hörmüz boğazı ətrafında təzyiq mesajları davam edir, ABŞ isə mümkün müdaxilə ilə bağlı sərt bəyanatlar verir. Bu gün isə İran xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edib.
Nələr gözlənilir? BƏƏ müharibəyə aktiv şəkildə qoşula bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Rəşad Bayramov deyib ki, mülki obyektlərə yönələn raket və PUA hücumları, istənilən dövlət üçün qırmızı xətt sayılan kateqoriyadadır:
“Amma burada vacib nüans var ki, BƏƏ-nin strateji doktrinası hücumdan çox çəkindirmə və müdafiə üzərində qurulub. Yəni ölkə, adətən, birbaşa hərbi eskalasiyaya getməkdən çox, beynəlxalq koalisiya və diplomatik təzyiq mexanizmlərini aktivləşdirir. Ona görə də indiki mərhələdə BƏƏ-nin təkbaşına İranla müharibəyə qoşulmaq ehtimalı olduqca aşağıdır. Lakin hücumlar sistematik xarakter alacağı halda Əbu-Dabinin geniş koalisiya çərçivəsində, yəni ABŞ-la koordinasiyada müdafiə və kəşfiyyat dəstəyi formasında prosesə daha aktiv cəlb olunma ehtimalı var. ABŞ–İran qarşıdurmasında ən çox zərbə altına qalan ölkənin BƏƏ olduğunu nəzərə alsaq, Əbu-Dabinin bu istiqmətdə verəcəyi qərar kifayət qədər əsaslandırılmış olacaq. İranın əməliyyatları inkar etməsinə gəldikdə isə bu, birbaşa məsuliyyətdən yayınmaq cəhdidir”.
Rəşad Bayramov
Siyasi şərhçi bildirib ki, ABŞ və İran arasında qarşılıqlı mesajların sərtləşməsi, xüsusilə hərbi ritorikanın artması isə tərəflərin hələ də çəkindirmə strategiyasından istifadə etdiyini göstərir:
“Bu baxımdan Prezident Donald Trampın İrana qarşı mümkün yeni hərbi kampaniyada qısa müddətdə nəticə əldə edilə biləcəyi barədə fikirləri daha çox siyasi mesaj xarakteri daşıyır və psixoloji təzyiq funksiyası yerinə yetirir. Çünki Tramp özü də yeni hərbi əməliyyatların tez bir zamanda nəticə verməyəcəyini yaxşı anlayır. Biz həm Tramp, həm də ABŞ Baş Qərargah rəisinin bu tip bəyanatlarını dəfələrlə eşitmişik. Əgər onlar qısa vaxt ərzində nəticə əldə etməyin mümkünlüyünə inansaydılar, atəşkəs də elan olunmazdı, diplomatik təmaslar da tamamilə dayandırılardı”.
Rəşad Bayramovun sözlərinə görə, hazırda ABŞ-ın əsas məqsədi İrana tətbiq olunan dəniz blokadası fonunda ölkəni maksimum güzəştlərə məcbur etməkdir:
“Bu blokada isə təkcə İran yox, Çin üçün də problemlər yaradır. Çünki İran nefti, həmçinin Hörmüz boğazından daşınan enerji məhsullarının böyük hissəsinin əsas alıcısı Pekindir. Odur ki, Donald Trampın Çinə gözlənilən səfəri ərəfəsində indi Abbas Əraqçinin ora getməsi xüsusilə maraq doğurur. Bu səfərdə ehtimal ki, Pekinin vasitəçilik kanallarını aktivləşdirilməsi imkanları müzakirə olunacaq. Düşünürəm ki, ABŞ-Çin danışıqları böhranın aradan qaldırılmasına, ən azı yeni eskalasiyadan yayınmağa imkan verəcək”.
Ləman İmran
Globalinfo.az