Eliyev 131 900x591 2

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində keçirilən zirvə toplantısındakı çıxışı Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirir.

Bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, bu çıxışın mahiyyətində Azərbaycanın tarixi qələbədən sonra seçdiyi məsuliyyətli siyasi xətt dayanır:

“İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edir. Bu yanaşma sadəcə diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir. Azərbaycan sübut edib ki, real güc təkcə hərbi-siyasi üstünlükdə deyil, bu üstünlüyü davamlı sülhə və əməkdaşlığa transformasiya etmək qabiliyyətindədir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın sülh siyasəti konkret addımlarla təsdiqlənir:

“Dövlətimizin 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması mühüm siyasi iradənin göstəricisidir. Artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub”.

rovsen muradov deputat

Rövşən Muradov

R.Muradov bildirib ki, Prezidentin çıxışında beynəlxalq institutların ikili standartlarına verilən qiymət də xüsusi əhəmiyyət daşıyır:

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən nümayəndə heyətimizə qarşı tətbiq edilən məhdudiyyətlər ədalətli yanaşma ilə uzlaşmır. Xüsusilə bu qərarın 2023-cü ilin sentyabr hadisələrindən sonra qəbul olunması onun siyasi mahiyyətini açıq göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Bu, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin bərpasıdır. Eyni zamanda, Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı sənədlər selektiv yanaşmanın göstəricisidir. Bu reallıq beynəlxalq institutların obyektivliyi ilə bağlı ciddi suallar yaradır. Azərbaycan parlamentinin Avropa strukturları ilə əməkdaşlığa yenidən baxması suveren siyasi qərardır. Dövlətçilik yalnız kompromis deyil, eyni zamanda milli maraqların qətiyyətlə müdafiəsini tələb edir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni mərhələdə dövlətçilik fəlsəfəsini aydın şəkildə ortaya qoyur:

“Bu çıxışda Azərbaycan qalib, məsuliyyətli, prinsipial və dialoqa açıq dövlət kimi təqdim olunur. Ölkəmiz artıq regionda yeni sülh gündəliyinin əsas təşəbbüskarlarından birinə çevrilib. Azərbaycanın dövlətçilik modeli güc, hüquq, diplomatiya və strateji baxışın vəhdətinə əsaslanır. Bu model milli iradəyə və müstəqil qərarvermə qabiliyyətinə söykənir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: