Azərbaycanda son illərdə menyuya daxil olan suşiyə münasibət birmənalı deyil. Onun sağlamlığa təsiri ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir.
Suşi sağlamlığa zərərlidirmi?
Globalinfo.az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov deyib ki, Suşi Yaponiya mətbəxinə aiddir:
“İlk dəfə ABŞ-da, xüsusilə Kaliforniyada suşi sağlam qida kimi satışa çıxarılıb. Kaliforniya roll həmin dövrdə məşhurlaşdı. Ənənəvi suşidə düyü çöldə deyil, iç hissədə olurdu və içliyində çox vaxt çiy balıq, məsələn tuna istifadə edilirdi. Amma amerikalılar çiy balığa o qədər də alışmadıqları üçün yapon aşpazlar resepti onların zövqünə uyğunlaşdırdılar. Beləliklə, 1900-1950-ci illərdə içərisinə krab qoyulan, düyüsü çöldə olan Kaliforniya roll yaradıldı. Daha sonra bunun ardınca müxtəlif rollar meydana çıxdı və ABŞ-da suşi mədəniyyəti formalaşmağa başladı. XX əsrin ortalarından sonra isə buradan Avropaya və digər ölkələrə yayıldı”.
Ağa Salamov
Ağa Salamov bildirib ki, dünyanın bir çox ölkəsində suşi gündəlik qidalanmanın bir hissəsidir:
“Suşinin sağlamlıq baxımından faydalı tərəfləri var. Əgər içərisində çiy yox, bişmiş salmon balığı varsa, faydalıdır. O, omega-3 baxımından zəngindir və orqanizm üçün faydalıdır. Nori yosunu yod və minerallarla zəngindir. Düyü isə karbohidrat mənbəyidir və enerji verir. Yapon mədəniyyətində suşi düzgün şəkildə soya sousuna batırılaraq yeyilir. Amma burada vacib məqam odur ki, sousa düyü tərəfi yox, balıq tərəfi batırılsın. Çünki düyü sousu çox çəkir, nəticədə duz və dad balansı pozulur. Ən doğru üsul balıq hissəsini sousa toxunduraraq yeməkdir. Ümumiyyətlə isə suşi ziyanlı qida deyil”.
Zaira Akifqızı
Globalinfo.az