İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif 2015-ci ildə əldə olunan nüvə sazişində oynadığı mühüm roldan sonra yenidən diqqət mərkəzinə düşüb. O, nüfuzlu “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində İranla ABŞ arasında mümkün razılaşma planını açıqlayaraq müharibənin danışıqlar yolu ilə başa çatdırılmasına çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, Zərif yazır ki, Tehran hazırkı qarşıdurmada açıq şəkildə üstün mövqedədir. Lakin bu üstünlükdən müharibəni uzatmaq üçün deyil, diplomatik razılaşma əldə etmək məqsədilə istifadə olunmalıdır.
Onun sözlərinə görə, İran nüvə proqramına məhdudiyyətlər qoymaq və Hörmüz boğazını yenidən açmaq müqabilində bütün sanksiyaların ləğvini tələb edə bilər.
“Bir iranlı kimi Donald Trampın düşünülməyən siyasətindən narahat olsam da, eyni zamanda silahlı qüvvələrimizlə fəxr edirəm. Hesab edirəm ki, müharibə İranın milli maraqlarına uyğun şərtlərlə başa çatmalıdır”, – deyə o bildirib.
Sabiq nazir vurğulayıb ki, münaqişənin davam etməsi mülki əhalinin həyatına və infrastrukturuna daha çox ziyan vuracaq. Bu səbəbdən Tehran qələbəni elan edib genişmiqyaslı sülh sazişinə getməlidir.
Zərif həmçinin İranla ABŞ arasında “qarşılıqlı hücum etməmə paktı”nın imzalanmasını təklif edib və bunun 47 illik düşmənçiliyə son qoyaacağını diqqətə çatdırıb. Onun fikrincə, belə bir razılaşma əvvəllər Vaşinqton üçün qəbuledilməz olsa da, hazırkı şəraitdə mümkün görünür.
Məqalədə o, Donald Trampın yaxın ətrafını da sərt tənqid edərək, xüsusilə Stiv Uitkoff və Cared Kuşnerın geosiyasət və nüvə məsələləri üzrə səriştəsiz olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az