1995-ci ilin mart ayında Rövşən və Mahir Cavadov qardaşlarının başlatdığı hərbi qiyamdan 31 il ötür. Həmin hadisələr zamanı ölkədə ciddi gərginlik yaransa da, qiyamın yatırılması ilə vəziyyət nəzarət altına alındı.
Bu proses nəticəsində Azərbaycanda hərbi müxalifət zərərsizləşdirildi və dövlətin sabitliyi bərpa olundu.
Bəs 31 il əvvəl tam olaraq nə baş vermişdi? Sözügedən qiyamın arxasında kimlər dayanırdı?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox problemlərlə qarşılaşdı:
“Belə ki, ilk zamanlarda müstəqilliyimizi qəbul etməyən və regionda maraqlı olan ölkələr tərəfindən Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərilirdi. Ermənistandan soydaşlarımız deportasiya edildi, ərazilərimiz işğal olundu. Bununla yanaşı, ölkəmizə qarşı xaricdə ciddi mənfi kampaniya başladıldı.
Azərbaycanda 1990-cı illərin əvvəllərində üç dəfə hərbi çevrilişə cəhd edildi. 1993-cü ilin 4 iyununda Surət Hüseynovun rəhbərlik etdiyi Gəncə qiyamı nəticəsində hakimiyyət devrildi. Ardınca 1994-cü ilin 4 oktyabrında Surət Hüseynov yenidən dövlət çevrilişinə cəhd etdi. 1995-ci ilin mart ayında isə OMON hadisələri baş verdi. Bu isə ölkəmizin varlığı üçün çox ciddi təhlükələr yaradırdı.

Oqtay Qasımov
Bir daha qeyd edirəm ki, bu məsələlərin əksəriyyəti xaricdən dəstəklənir və idarə olunurdu. Nəzərə alsaq ki, 4 iyun hadisələri Azərbaycanın beynəlxalq neft şirkətləri ilə müqavilələr bağlaması ilə, 1994–1995-ci illərdə baş verən hadisələr də neft kontraktlarının imzalanması ilə əlaqədar idi.
Bu hadisələrin arxasındakı qüvvələr neft kontraktlarının imzalanmasında maraqlı deyildilər. Onlar Azərbaycanda hakimiyyəti dəyişərək idarə olunan bir sistem qurmaq istəyirdilər. 1995-ci il OMON hadisələri də baş tutmadı. Azərbaycan dövləti bu cəhdin qarşısını aldı, öz mövqeyini gücləndirdi və inkişaf etdi.
Biz bunun nəticələrini 2020-ci ildə gördük. Ölkəmizin torpaqları işğaldan azad edildi, suverenlik bərpa olundu”.
Turan Rzayev
Globalinfo.az