Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ziyan dəyib, üç nəfər xəsarət alıb.
Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***09:38
Tovuz rayonunda yaşayış evində partlayış olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.
Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri – 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
