İran, İsrail və ABŞ arasında gərginliyin artması dünya gündəminin əsas mövzularından biridir. Belə qarşıdurmalar isə adətən qlobal iqtisadiyyata da təsirsiz ötüşmür. Savaş xüsusilə qiymət artımına səbəb ola bilər.
Məlumdur ki, Rusiya–Ukrayna müharibəsindən sonra dünya bazarında əsasən ərzaq məhsullarında ciddi bahalaşma baş verdi. Bu baxımdan İran-İsrail-ABŞ qarşıdurmasının davam etməsinin qiymətlərə mümkün təsiri istisna edilmir.
İran-İsrail-ABŞ qarşıdurması qiymətlərə necə təsir edəcək? Rusiya–Ukrayna müharibəsindən sonra ərzaq sürətlə bahalaşdı, bəs indi nələr bahalaşa bilər?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, hərbi münaqişələr zamanı ən birinci enerji daşıyıcılarının qiyməti yüksəlir.
Onun sözlərinə görə, sonra enerji bütün istehsal və daşınma xərclərini artırdığı üçün ərzaq, logistika və sənaye malları bahalaşır:
“2022-ci ildə Rusiya–Ukrayna müharibəsi başlayan zaman da bənzər vəziyyətin şahidi olduq. Həmin dövrdə region ölkələri az qalsın taxıl böhranı ilə üz-üzəydi. İran–ABŞ münaqişəsi başlandığı gündən etibarən isə Hörmüz boğazının bağlanma riski yaranıb. Dünya neftinin təxminən 20 faizi bu boğazdan keçərək dünya bazarına çıxarılır”.
İqtisadçı bildirib ki, hazırda tankerlərin hərəkəti azaldığı üçün bazarda təklif qorxusu yaranıb:
Vüsalə Əhmədova
“Dolayısı ilə münaqişə bu strateji yolu riskə atdı və enerji daşıyıcılarının qiymətləri dərhal yüksəldi. Neft bahalaşınca yük daşımalarının qiyməti də yüksəlir. Bu da bütün idxal mallarına təsir edir. Logistika xərclərinin artması taxıl və digər ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına səbəb olur”.
V.Əhmədova qeyd edib ki, Azərbaycanda inflyasiya adətən idxal olunan məhsullardan başlayır:
“Ölkəmiz təəssüf ki, ərzaq və sənaye məhsullarının əksəriyyətində idxaldan asılıdır. Bu səbəbdən, un və un məmulatlarının, bitki yağlarının, süd məhsullarının, kərə yağı, toyuq, yumurta, bəzi meyvə və tərəvəzin qiymətləri yüksələ bilər. Enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi digər tərəfdən, ölkəmizin neft və qaz ixrac gəlirlərini də artırır. Müharibənin ilk günlərindən etibarən artıq “Azerilight” markalı neftdə təxminən 23-25 faiz bahalaşma baş verib”.
İqtisadçının fikrincə, müharibə uzun müddət davam edərsə neftin bir barelinin qiyməti 100 dollardan yuxarı ola bilər:
“Nəzərinizə çatdırım ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürülmüşdü. Belə davam edərsə, ixrac gəlirlərində təqribən 4-6 milyard dollar artım yaranacaq. Bu tip müharibələrdə belə bir vəziyyət yaranır, neft bahalaşır, dövlət gəlirləri artır, eyni zamanda da, idxal bahalaşır və bazarda qiymətlər yüksəlir. Yəni ölkə qazanır, ancaq istehlakçı bunu hiss etmir”.
Zaira Akifqızı
Globalinfo.az