Məlum olduğu kimi, fevralın 19-da Vaşinqtonda bir qrup radikal şəxs Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərə cəhd ediblər. Bildirilir ki, bu antimilli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin təsiri altında hərəkət edib və onların sifarişləri ilə fəaliyyət göstəriblər.
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, tədbirdə ABŞ Prezidenti Donald Trampın çıxışı, Azərbaycan Prezidentinə münasibəti və sülh prosesinə verdiyi yüksək töhfələr barədə fikirləri diqqət çəkib:
“Bütün bunlar Bakı-Vaşinqton münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Görünür, bu reallıq anti-Azərbaycan dairələrini, xüsusilə də bəzi radikalları fəallaşdırıb. Ona görə də bir qrup radikal şəxs dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərə cəhd göstərib, təhqiramiz ifadələr səsləndiriblər və hətta mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Burada Prezidentin Təhlükəsizlik Xidmətinin operativ müdaxiləsi və vəziyyəti nəzarət altına alması xüsusi qeyd olunmalıdır. Onların peşəkarlığı əyani şəkildə görünür.
Elman Nəsirov
Görüntülərdən aydın olur ki, bu addımlar əvvəlcədən planlaşdırılıb və koordinasiyalı şəkildə həyata keçirilib. Təxribatçı ünsürlər bir “dirijor çubuğu” altında idarə olunub və həmin “çubuq” ermənipərəst qüvvələrə məxsusdur. ABŞ konqresmeni Frank Pallone də təxribatçılara dəstəyini ifadə edib”.
Deputatın sözlərinə görə, hadisə bir daha göstərdi ki, böyük beynəlxalq təşkilatlarda təhlükəsizlik və ictimai nizam-intizam məsələləri ən yüksək səviyyədə təmin olunmalıdır:
“Bütün risklər öncədən qiymətləndirilməli, preventiv tədbirlər görülməli və mühafizə olunan zolağa yaxınlaşmağa imkan verilməməlidir. Hər halda, bu görüş Azərbaycanın beynəlxalq nüfuzunun yüksək olduğunu təsdiqləyir. Prezident İlham Əliyev dünya səviyyəli lider kimi etimad və hörmətə malikdir. Görünür, bütün bu reallıqlar anti-Azərbaycan dairələrinin narahatlığına səbəb olub və nəticədə çirkin təxribat cəhdlərinə əl atıblar. Birləşmiş Ştatların hüquq mühafizə orqanları isə məsələ ilə bağlı lazımi hüquqi ölçü götürəcək”.
Fikrət Sadıqov
Politoloq Fikrət Sadıqov sözügedən aktın hazırlanmış kampaniya olduğunu və arxasında müəyyən siyasi, maliyyə qüvvələrinin dayandığını vurğulayıb:
“O tədbirdə iştirak edən siyasətçilər və dövlət başçılarının əksəriyyəti həmin təxribatı normal qarşılamır və qəbul etmirlər. Hər şey aydındır: Azərbaycanın addımları beynəlxalq səviyyədə dəstəklənir. Lakin ölkə olaraq uğurlarımızı gözü götürməyənlər də var.
Prosesdə ermənipərəst konqresmen Frank Pallone də iştirak edir. Belə tədbirlərin keçirilməsi, əlbəttə ki, erməniləri və havadarlarını qıcıqlandırır. Onların gündəliyində bir sıra məsələlər var. Ermənilərin Qarabağa qayıtması məsələsi və keçmiş qondarma liderlərin layiqli cəzalarını almaları separatçıların törətdiyi əməlləri və bizə qarşı yönəlmiş fəaliyyətləri gizlətmək cəhdidir. Bu ünsürlər uzun illər boyu anti-Azərbaycan fəaliyyəti ilə məşğul olublar. Müharibə zamanı Gəncəyə, Mingəçevirə, Bərdə və digər şəhərlərimizə raketlər atıblar.
Artıq erməni cinayətkarların açıq məhkəmələri olub, ifadələr verilib və sübutlar təqdim olunub. Faktlar kifayət qədər əsaslıdır və biz onları gizlətmirik”.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, ötən beş il ərzində Azərbaycan öz zəfərini bütün dünyaya qəbul etdirməyi bacarıb:
“Vaşinqtonda keçirilən Sülh Şurası iclasında Azərbaycanın bu qalibiyyəti Trampın yaratdığı Sülh Şurasının reklam brendinə çevrildi. Azərbaycanın Ermənistanla yaratdığı sülh modeli dünyaya ədalətli sülh nümunəsi kimi təqdim olundu. Bu səbəbdən iki ölkə liderinin məhz Sülh Şurasının iclasında əl sıxaraq görüşməsi və bu modeli ABŞ-ın uzunmüddətli və etibarlı sülh brendinə çevirmə arzusu ilə baş verdi. Ancaq bu tarixi zəfəri qəbul etməyən qüvvələr də var. Bunlar erməni lobbisi və onun ətrafında birləşmiş radikal qüvvələrdir. ABŞ-da antimilli ünsürlər Azərbaycanın bu qələbəsini həzm etməyənlərə alət olaraq sifarişli hərəkətlər edərək anarxist tədbir keçirməyə cəhd göstərdilər. Təəssüf ki, bu insanlar öz hərəkətləri ilə ermənilərlə eyni sırada dayandıqlarını nümayiş etdirdilər”.
Hikmət Babaoğlu
H.Babaoğlu deyib ki, tarixi qələbəmiz Azərbaycan xalqının qələbəsidir və hər bir azərbaycanlının haqqıdır:
“Bu qələbəyə qarşı çıxmaq və erməni lobbisinin əlində alət olmaq Azərbaycan xalqına qarşı yönəlmiş hərəkət deməkdir. Təsadüfi deyil ki, bu cür qeyri-etik və aqressiv davranışlara dəstək ermənilərin ANCA təşkilatından gəldi. Bundan əlavə, Frank Pallone kimi ABŞ-dakı bəzi şəxslər də bu cəhdləri dəstəklədi. Beləliklə, Vaşinqtonda baş verən ekstremist və terror xarakterli hərəkətlərin anatomiyası açıq şəkildə üzə çıxmış oldu. Bununla belə, bir zamanlar Azərbaycana qarşı ən radikal mövqeləri ilə çıxış edən senator Menendes və digər şəxslərin də Amerika qanunları qarşısında cavab verəcəyi gün uzaqda deyil. Azərbaycan hazırda daha böyük vizyonla və möhkəm gələcək qurmaq üçün qərarlı addımlar atır. Bu gün ABŞ ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyəyə çatıb”.
Deputat bildirib ki, 907-ci düzəlişin Konqresdə ləğv olunması məsələsi də həll ediləcək:
“Lakin bəzi şəxslər hələ də 907-ci düzəlişin ləğvinə qarşı çıxırlar. Bütün bunlar göstərir ki, Vaşinqtonda qeyri-etik ifadələr işlədən ideoloji və mənəvi terrorçuların məqsədləri və kimə xidmət etdikləri açıqdır. Məncə, Amerika qanunlarının və Azərbaycanın hüquq sisteminin tələb etdiyi kimi, bu şəxslər Azərbaycan xalqından üzr istəməli, etdikləri hərəkətlərə görə peşmançılıq hissi keçirməli və gələcəkdə belə davranışlara yol verməməlidirlər. Əgər onlar özlərini Azərbaycanın övladları kimi görürlərsə, bu məsuliyyəti tam dərk etməli və hərəkətlərinə görə hesab verməlidirlər”.
Zaira Akifqızı
Globalinfo.az