“Təəssüf ki, Azərbaycanda uşaq filmlərinin sayı çox məhduddur, bəzi illərdə bir-iki layihə belə olmur. Əsasən serial, animasiya və uşaq proqramları var, amma tammetrajlı kinolar və ya yüksək səviyyəli layihələr çox nadirdir”
Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında deyib.
O bildirib ki, istehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur:
“Lakin milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər çox azdır. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda – “Pixar”, “DreamWorks” və sair fərq açıq görünür. Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə, yerli məhsula maraq azalır və mədəni assimilyasiya riskləri yaranır. Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar”.
Deputat bildirib ki, uşaq filmlərinin azlığı tək mədəni problem deyil, gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir:
“Azərbaycanda uşaqlar üçün cizgi filmləri (animasiya) sahəsi kifayət qədər inkişaf potensialına malik olsa da, müxtəlif çətinliklərlə üz-üzədir. Halbuki ölkəmizdə cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60-70-ci illərdə silsilə uğurlu animasiya filmləri çəkilib. 1970-80-ci illərdə xalq folklorundan götürülən motivlərlə çəkilən çoxlu filmlərimiz var. İndi isə övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları, ən pis halda isə “Disney”lə böyüyürlər.
Uşaqlarımızın ilk oyuncaqlarının hamısı qeyri-milli və əcnəbi istehsallıdır. Biz öz milli oyuncaqlarımızı necə istehsal edək, övladlarımıza min illik nağıl qəhrəmanlarımızı, miflərimizi necə ötürək? Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar “Lego” qəhrəmanları ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır”.
Z.Oruc qeyd edib ki, minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur:
“Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur”.
Safura Bənnayeva
Globalinfo.az