6952d787f292a6952d787f292b17670368076952d787f29276952d787f2928 2

Globalinfo.az İranda baş verən etiraz aksiyaları ilə bağlı güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamrani ilə müsahibəni təqdim edir:

– Saleh bəy, İrandakı etirazların inflyasiya səbəbindən baş verdiyi bildirilir. Bunun İrana qarşı yeni müharibənin baş vermə ehtimalı barədə müzakirələrin getdiyi və Netanyahunun Trampla görüşündən bir neçə gün sonra başlaması da diqqətçəkəndir. Məsələ ilə bağlı fikirlərinizi bildirərdiniz.

– İranda xarici valyutada sürətli artış səbəbindən ilk olaraq Tehranda kiçik biznes sahibləri etirazlara başladı və sonra bu, İranın mərkəzi və cənubuna doğru kiçik şəhərlərə keçdi. Lakin burada dolların bahalaşması ilə yanaşı, bir çox səbəblər var. İşsizlik və inflyasiya nəticəsində iqtisadi vəziyyətin ağır olması, bütün resurların ballistik raket və nüvə sənayesinin inkişafına xərclənməsi, İsrail və ABŞ ilə qarşıdurma İrandakı vəziyyəti yaşanmaz hala gətirib. Buna ABŞ və İsrailin səbəb olduğunu görmürəm, çünki onların İrana qarşı fəaliyyəti ballistik raketin və nüvə proqramının inkişafı ilə bağlıdır.

ABŞ Prezidenti Donald Tramp deyib ki, əgər İran atəş açıb dinc etirazçıları vəhşicəsinə öldürərsə, ABŞ onların köməyinə gələcək: “Təəssüf ki, İranın belə bir təcrübəsi var. Biz isə hərəkətə keçməyə tam hazırıq”.

– Etirazlarda onsuz da bugünədək azı 3 nəfər ölüb. Trampın bu açıqlaması İsrail-ABŞ anlaşmasından irəli gələrək üstünlük qazanmaq üçün təzyiq üsuludur.

6952d7881ce426952d7881ce4317670368076952d7881ce406952d7881ce41

– Nümayişçilər “Bu il qan ilidir, Xameneyi devriləcək!”; “Nə Qəzza, nə də Livan, canım İran üçün fəda olsun!” kimi şüarlar səsləndirir. Etiraz aksiyaları genişlənərək ümumxalq xarakteri ala bilərmi? İranın Ali dini lideri Ayətullah Xameneinin devrilməsi nə dərəcədə realdır?

– Əvvəllər, xüsusən qadınların keçirdiyi etirazlarda daha sərt şüarlar səsləndirilib. Rejimin devrilməsi məsələsi gedişata bağlıdır. Nümayişlər daha çox kiçik şəhərlərdə baş verir və İran əhalisi arasında sayca çoxluq təşkil edən türklər, eyni zamanda kürdlər, bəluclar, türkmənlər kimi digər qeyri-fars millətlərin hərəkətliliyi görünmür. Həmədanda etirazlar olsa da geniş vüsət almayıb. Pəhləvilərin İsrail tərəfindən dəstəklənməsi qeyri-fars millətlərin etimadsızlığına səbəb olub. Buna görə də inanmıram ki, İran rejiminin dəyişməsinə şahid olarıq.

İran Prezidenti Məsud Pezeşkian etirazlarla bağlı bəyan edib ki, hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır: “İnsanlar narazıdırsa, bu, bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmayın. Məsuliyyət bizimdir”. Pezeşkian, həmçinin, I vitse-prezident Məhəmmədrza Arifin istefasını qəbul etməyib. Etirazların hədəfi bir qədər əvvəl barəsində impiçment iddiası yayılan prezident Pezeşkian da ola bilərmi?

– Hakimiyyət daxilindəki çəkişmələr də rejimi təhlükəyə salacaq həddə çatmayacaq. Pezeşkian bu açıqlamaları ilə şəraitə nəzarət etmək üçün yumşaq siyasət yürüdür. İşçilərin maaşını artırmaq üçün maliyyə vəsaitinin haqlı olaraq az olduğunu deyir, amma bu vəsaitin Xameneiyə xidmət edən və xalqa faydası olmayan qurumların əlində cəmləşdiyini demir. Mərkəzi bankın rəhbərini dəyişməklə heç nə dəyişmir. İranda su qıtlığı var və kifayət qədər elektrik istehsal olunmur. Çünki ölkə iqtisadiyyatı demokratik deyil və dünya ölkələri ilə problemləri var, ciddi sanksiyalar altındadır, terror fəaliyyətindən, nüvə silahı istehsalından imtina etmir.

– Bu prosesdə Güney azərbaycanlılar hansı mövqeyə malikdir və onlar üçün hansısa təhlükə varmı?

– Dünyada türklərə qarşı rəsmi şəkildə artıq 100 ildir ki, böyük layihə həyata keçirilir. Hədəf türk varlığını inkar etmək, assimilyasiya və hətta məhv etməkdir. Bu layihənin bir hissəsi də İranda, əvvəlcə Pəhləvi və onun oğlu, indi isə İslam Respublikası tərəfindən gerçəkləşdirilir. Azərbaycanlıların qarşısında duran güclər İslam Respublikasından sonra Pəhləvilər, mücahidlər və cümhuriyyətçilik iddiasında olan mərkəzçi qruplardır. Onlar İranı və mərkəzi Tehranı hədəfə alıbsa, burada hakimiyyəti ələ keçirdikdən sonra növbəti hədəf Güney Azərbaycandır. Buna görə də rejim laxlamağa doğru gedərsə, beş ostanda kompakt yaşayan türklər hərəkətə keçərək öz sözünü deməli, keçmiş təcrübələri gözə alaraq özünü ciddi alternativ kimi ortaya qoymalıdır.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: