Bu gün Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Globalinfo.az xəbər verir ki, onun 89 yaşı olur.
Zeynəb Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.
O, 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir çox ölkələrində konsertlər verib. O, uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Xanlarova 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti fəxri adları, 1988-ci ildə Azərbaycan SSR Dövlət mükafatı və 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Günel Cəlil
Globalinfo.az