Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Ölkə başçısının qətiyyətli və uzaqgörən rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanılıb, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda öz gücünü, iradəsini və milli birliyini nümayiş etdirib. Prezidentin siyasi iradəsi, strateji baxışı və xalqına olan inamı ölkəmizin inkişafına, sosial-iqtisadi tərəqqisinə və beynəlxalq nüfuzunun artmasına böyük töhfə verib.
Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, 1998-ci ildə nazir təyin edildikdən sonra İlham Əliyevi daha yaxından tanımağa başlayıb:
“Həmin vaxt İlham Əliyev Dövlət Neft Şirkətində (SOCAR) prezidentin birinci müavini vəzifəsində çalışırdı və vaxtaşırı onunla görüşərək müxtəlif məsələləri məsləhətləşirdim. Prezident seçildikdən sonra 10 il təhsil naziri kimi çalışdığım dövrdə onunla daha tez-tez görüşmək imkanına malik oldum. Həmçinin müxtəlif xarici ölkələrə bir yerdə səfər etmiş, iclaslarda iştirak edib təqdimatlar həyata keçirmişəm”.
Misir Mərdanov yadda qalan bir neçə vacib məsələni xüsusi vurğulayıb:
“İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni binalar tikildi, mövcud məktəblərin korpusları yeniləndi, maddi-texniki bazası möhkəmləndi və məktəblər müasir İKT avadanlıqları ilə təchiz olundu. Mən işlədiyim illərdə üç mindən çox yeni məktəb binası tikilidi, əsaslı təmir olundu və müasir avadanlıqla təmin edildi. Hər il sentyabrın 15-də dərs ilinin başlanması böyük bayram kimi qeyd olunurdu, Prezident və birinci xanım Mehriban Əliyeva da açılış mərasimlərində iştirak edirdilər. Digər vacib məsələ Azərbaycan gənclərinin xaricdə təhsili idi. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində, İlham Əliyevin dövründə dünyanın nüfuzlu universitetlərinə, ABŞ-dan Yaponiyaya qədər dövlət hesabına yüzlərlə tələbə göndərildi. Eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi, dərsliklərin hazırlanması və xüsusi internat məktəblərin əsaslı təmiri, Mehriban xanımın yaxından iştirakı ilə həyata keçirilirdi. Məcburi köçkünlərin uşaqlarının təhsili, çadır şəhərciklərində və vaqonlarda yaşayan soydaşlarımızın məktəb məsələləri də Prezidentin tapşırığı ilə həll edilmişdi”.
Misir Mərdanov
Sabiq nazir İlham Əliyevin müəllimlərə olan diqqətindən bəhs edib:
“Hər il oktyabrın 5-də Müəllim Günü münasibətilə yüzlərlə seçilmiş müəllimlər Prezident tərəfindən müxtəlif orden, medal və fəxri adlarla təltif olunurdu. Həmçinin, mənim təklifimlə “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqəsi yaradılsı, Prezident də xüsusi sərəncam imzaladı. Üç mərhələli seçim sistemi ilə hər il 100 ən yaxşı müəllim və 50 ən yaxşı məktəb müəyyən edilərək mükafatlandırılırdı. Hər il bir dəfə ən yaxşı müəllimə 5 min, ən yaxşı məktəbə isə 10 min manat mükafat verilirdi. Bu, təhsil sistemində ciddi rəqabət və stimullaşdırıcı təsir yaratmışdı”.
Misir Mərdanov İlham Əliyevin Vətən müharibəsi dövründə əldə etdiyi uğurdan da danışıb:
“Prezident İlham Əliyevin apardığı siyasət, xüsusilə 44 günlük Vətən müharibəsi və digər uğurlu təşəbbüsləri Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılıb. Azərbaycanın ərazi bütövlüyü təmin edilib, indi üçrəngli bayrağımız bütün ölkə ərazisində dalğalanır və dövlətimiz dünyada güclü, müstəqil dövlət kimi tanınır. Hər kəs, bütün dünya istər Vətən müharibəsi, istərsə də 23 saatlıq antiterror əməliyyatı zamanı Ali Baş Komandanın gücünü gördü. Bütün bunlara görə, mən bir Azərbaycan vətəndaşı kimi Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uğurlar və xalqımıza xidmət yolunda yeni nailiyyətlər arzulayıram. İnanıram ki, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xətt uğurla davam etdiriləcək və Azərbaycan dünyada daha da tanınan, xoşbəxt və güclü bir dövlət olacaq”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da ölkə başçısının təbrik edib:
“İlham Əliyevi ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və dövlətimizə, xalqımıza xidmətində yeni uğurlar arzulayıram. Artıq onun Azərbaycan qarşısında tarixi xidmətləri var. Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, həmçinin müharibədən sonra diplomatik uğurlar ona ölkəmizin tarixində xüsusi yer qazandırıb”.
Tofiq Zülfüqarov
Sabiq nazir deyib ki, İlham Əliyev yalnız müasir dövrümüzdə deyil, ümumiyyətlə Azərbaycanın tarixində böyük xidmətlər göstərmiş bir şəxsiyyətdir:
“Ona gələcəkdə də yeni uğurlar edirəm. Bu uğurlar Azərbaycanın dövlət olaraq daha da möhkəmlənməsinə xidmət edir. Ölkəmizin gələcəyi zəfərlərlə dolu olsun. Hesab edirəm ki, bu arzular yalnız mənim deyil, əksər Azərbaycan vətəndaşlarının da duyğularını ifadə edir. Eyni zamanda, biz yaxşı başa düşürük ki, hələ görüləsi işlər çoxdur. Lakin onun zəngin siyasi təcrübəsi, biliyi və iradəsi məni tam əmin edir ki, gələcəkdə də bu məsələlərin həllində həlledici rol məhz ona məxsus olacaq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
Zaira Akifqızı
Globalinfo.az