Türkiyədə baş verən təbii fəlakət sonrası Prezident Rəcəb Tayyib Ərdoğan və AKP iqtidarına qarşı qara PR kampaniyasının aparılması diqqət çəkir. Türkiyənin zəifləməsində maraqlı olan bu qüvvələr faktiki olaraq daxildə çaxnaşma salıb xalqı Ərdoğana qarşı qaldırmaq istəyir.
Maraqlıdır, Ərdoğana qarşı aparılan qara PR kampaniyasının arxasında hansı qüvvələr dayanır?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, cümhuriyyətin 100-cü ilində Türkiyədə xaos yaratmaq və xalqı manipulyasiya edib iqtidara qarşı ayaqlandırmaqda maraqlı olan qüvvələr çoxdur:
“Bu qüvvələr xüsusilə Türkiyədəki seçkilərdə Ərdoğanın məğlub olub iqtidardan getməsini arzulayır. AKP-MHP koalisiyasının seçkilərdə məğlub olması üçün qara PR kampaniyası aparılır.
Bütün bu proseslərin pərdə arxasında qlobalistlər dayanır. Bu güclər bu gün Türkiyədə güclü iqtidarın olmasında maraqlı deyil. Seçkiöncəsi fəallaşmaları da bunu təsdiqləyir.
Bu gün hər kəsə bəllidir ki, Ərdoğan Türkiyəni regional güc statusundan qlobal statusa yüksəldib. Bundan başqa bu gün Ərdoğan rəhbərliyində Türkiyə fərqli regionlarda nizamsızlığa, haqsızlığa qarşı mübarizə aparır. Görünür bu da qlobalistlərin maraqlarına uymur.
Ərdoğan baş verən təbii fəlakəti ən qısa zamanda aradan qaldıracaq. Bu istiqamətdə işlər başlanılıb. Hətta o, söz verib ki, bir il ərzində müvafiq işlər görüləcək.
AKP iqtidarının təbii fəlakətlərin fəsadlarını aradan qaldırmaq üçün kifayət qədər təcrübəsi var”.
Turan Rzayev
Globalinfo.az