İrəvanda Ermənistan və Azərbaycanın ekspert icmalarının nümayəndələrinin birgə təşəbbüsü, eləcə də hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə ikitərəfli dəyirmi masa keçirilib.
Globalinfo.az xəbər verir ki, Ermənistan tərəfini Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
Azərbaycan tərəfini isə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib.
Təşəbbüs 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyannaməyə uyğun olaraq sülh gündəmini təşviq etmək məqsədi daşıyıb. Bu, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin bu formatda ilk görüşü olub.
Görüş zamanı iştirakçılar Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivlərinə, humanitar məsələlərə, münasibətlərin normallaşması kontekstində iqtisadi və logistik imkanlara, etimadın möhkəmləndirilməsinə və digər mövzulara toxunublar.
Səfər çərçivəsində iştirakçılar Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.
İştirakçılar görüşə geniş sosial qrupların, vətəndaş cəmiyyətinin, ekspert icmasının və medianın cəlb edilməsinin vacibliyini vurğulayılar.
Görüşün yekununda tərəflər qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və davamlı sülhün əldə olunmasına yönələn birgə səyləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Əliyar Xəlil