***
04.02.2023 18:45
Azərbaycanda İran agentlərinin olması ilə bağlı müxtəlif fərziyyələr, arqumentlər, iddialar səsləndirilir. Xüsusilə də İranla münasibətlərdə gərginlik yaşanandan, Tehrandakı səfirliyə silahlı hücumdan sonra bu iddialar artıb. Daxili İşlər Nazirliyi bu həftə İranın ölkəmizdəki agentura şəbəkəsinə qarşı əməliyyat keçirib. Həbslər var.
Bir sıra ekspertlər deyirlər ki, meyxanaçılar arasında İran casusları var, digər iddialara görə isə əsas agentura inanclı kəsimin içində kamuflyaj olub.
Başqa iddialar da var. Həmin iddialarda bildirilir ki, cənub bölgəsində, Bakının qəsəbə və kəndlərində İranla əlaqəsi olan böyük qruplar mövcuddur. İran bu bölgələrdə özünə kifayət qədər tərəfdar yığıb. Bu isə daha təhlükəli məsələ hesab olunur. Necə etmək olar ki, bəzi vətəndaşlar İranın təsiri altına düşməsin? Agentura şəbəkəsinin böyüməsinin qarşısı alınsın?
Ceyhun Məmmədov
Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dini maarifləndirmə zəifdir.
Onun sözlərinə görə, yetərincə maarifləndirmə olmadığı üçün insanlar təsir altına tez düşürlər:
“Azərbaycanda 30 il ərzində dini boşluqlar olduğuna görə, din sahəsində sistem qura bilmədiyimiz üçün, kifayət qədər dini maarifləndirmə aparılmadığına görə, vətəndaşlarımız müəyyən təsirlər altına düşürlər. Biz daha çox həbsdən, zərərsizləşdirmədən danışırıq. Amma burada iki vacib məqam var. Birincisi odur ki, birmənalı olaraq biz nə qədər çalışsaq da, dini insanların həyatından çıxara bilmərik. Bu gün nəzəriyyələr var ki, “insanlar inkişaf edəcək, din arxa plana keçəcək”. Amma sovet rejimi 70 il çalışdı, dini qadağan edə bilmədi”.
Millət vəkili deyib ki, insanlar hər zaman Tanrını axtaracaq, dini sevəcəklər:
“Bu şeyləri dövlət özü təqdim etməyəndə, insanlar bunu gedib xaricdə axtarırlar. Bu gün bu problemi aradan qaldırmaq üçün biz özümüz din sistemi qurmalı, dini maarifləndirməni genişləndirməli, özümüzün dini-milli kadrlarımızı yetişdirilməli, televiziya, radio, qəzetlərdə, bölgələrdə kütləvi dini maarifləndirmə işləri aparmalıyıq. İnsanlara həqiqi dinlər, dinlərin mahiyyəti ətrafında davamlı olaraq geniş məlumat və bilgilər verilməlidir”.
Müsahibimizin sözlərinə görə, bu məsələ yalnız inzibati yolla həll edilə bilməz:
“Məşhur bir fikir var – ideologiyanın qarşısına mütləq ideologiya çıxarmaq lazımdır. Ona görə də, biz elə bir sistem qurmalıyıq ki, vətəndaşlarımızın gözü başqa ölkələrdə olmasın. Bunun üçün də dediyim kimi, özümüzün din sistemimizi qurmalı, dini mütəxəssislər yetişdirməliyik. Beləcə, onlar məscidlərdə, ayrı-ayrı qurumlarda fəaliyyət göstərməlidirlər. Artıq bundan sonra inzibati tədbirlər görülməlidir. Bu inzibati tədbirlər də, sistemli şəkildə olmalıdır”.
C.Məmmədov bildirib ki, şəbəkələr bir tək din sahəsində deyil:
“30 il ərzində mediada, biznesdə, din xadimləri arasında və digər sahələrdə də belə insanlar yetişdirilib. Bu gün sosial şəbəkənin özündə belə xüsusi qruplar var ki, onlar təbliğat aparırlar. Mən bunu ona bənzədirəm ki, 30 il ərzində bəzi insanların beynində, düşüncələrində minalar basdırılıb. Bu minaların təmizlənməsi Qarabağdakı minalar kimi, uzun müddət çəkəcək. Amma sona kimi axtarılması və tapılması istiqamətində addımlar atmalıyıq. Əvvəlki dövrdə biz bunu açıq şəkildə edə bilmirdik. Amma bu gün imkanlar var və bu imkanlardan istifadə edərək məsələni həll etməliyik”.
Globalinfo.az xatırladır ki, Azərbaycanda Rusiyanın da təsiri güclüdür. Bunu rus sektoruna olan sevgidən də hiss etmək olar. Bütöv nəsil rusdilli, yaddüşüncəli olaraq yetişir. 10-15 il sonra bu gün rus dilində təhsil alan uşaqlar bu ölkəni özlərinə yad biləcəklər. Bunun qarşısını almaq üçün dövlət hansı addımları atmalıdır?
Ceyhun Məmmədov deyib ki, Azərbaycan cəmiyyətində bununla bağlı geniş müzakirələr gedir və fərqli yanaşmalar var:
Bizim insanlarımızda belə düşüncə var ki, rus dilində təhsil daha güclü və daha yaxşıdır. Biz bu məsələnin kökünü araşdırmalı, insanlara bu məsələnin nə dərəcədə doğru olması haqda məlumat verməliyik. Məsələ tək rus dili ilə bağlı deyil.
Azərbaycanda rus məktəblərinin olması lazımdır. Çünki bu gün biz Ermənistanla informasiya müharibəsindəyik. Ortaq dil isə bir tək rus dilidir. O baxımdan da bizə rus dili bilən insanlar lazımdır. Amma bu, kütləvi olmalı deyil. Ehtiyac nə qədərdirsə, o dərəcədə də olmalıdır. Bunun kütləvi hal alması, doğrudan da, narahatlıq yarada bilər”.
Millət vəkili bildirib ki, istər rus-Azərbaycan sistemində, istərsə də, digər dillərdə təhsil sistemini elə qurmalıyıq ki, burada yaşayan hər bir kəs azərbaycanlı olduğunu, Azərbaycana bağlı olduğunu heç vaxt unutmasın:
“Burada əsas məsələ təlim-tərbiyə sistemində Azərbaycançılığın, Azərbaycan dəyərlərinin təbliğidir. Eyni zamanda bu streotipi qurmaq lazımdır ki, bu cür yanaşma sağlam yanaşma deyil. Bəli, rus dilində təhsil daha yaxşı, daha keyfiyyətlidir, nəinki Azərbaycan dilində. Problemin bir kökü də məhz buradadır. Biz bu məsələni həll etməliyik ki, dediyimiz məqamlar vətəndaşları narahat etməsin”.
Zaira Akifqızı