“Əfsanəvi repçi Tupak Şakur və “Death Row Records” səsyazma şirkətinin qurucusu Şuq Naytın qətlinin sifarişçisi amerikalı reper və prodüser Şon Kombs (P. Diddy) olub”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “USA Today” qəzeti “Crips” dəstəsinin sabiq üzvü və qətli icra etməkdə şübhəli bilinən, hazırda istintaqa cəlb edilən Dueyn Devisin ifadələrinə istinadla yayıb.
Nəşrin dərc etdiyi sənədlərə görə, hadisənin motivi şəxsi intiqam və musiqi sənayesindəki rəqabət olub.
İddialara görə, Şon Kombs Tupak Şakur və Şuq Naytın qətlə yetirilməsi üçün 1 milyon dollar təklif edib. Nayt başından yaralansa da, sağ qalıb, Şakur isə atışmadan bir neçə gün sonra vəfat edib.
Bildirilib ki, Şon Kombs Tupak Şakurun qətlindən sonra sifarişi həyata keçirmək və hücumun törədildiyi avtomobili maliyyələşdirməklə öyünüb, lakin o, rəsmi olaraq heç vaxt şübhəli qismində istintaqa cəlb edilməyib.
Xatırladaq ki, “2Pac” kimi tanınan 25 yaşlı reper Tupak Şakur 1996-cı il sentyabrın 7-də silahlı hücuma məruz qalıb və həkimlərin səyinə baxmayaraq, 6 gün sonra, yəni sentyabrın 13-ü vəfat edib. Onun qətli şou-biznes tarixində ən səs-küylü və hələ də tam açıqlanmamış cinayətlərdən biri olaraq qalır.
Aysel Əliyeva
Globalinfo.az