kurshad zorlu

“Bu gün türk dövlətləri enerji diplomatiyasının daha bir nümunəsini həyata keçirirlər. Azərbaycan qazı artıq Türkiyə üzərindən Hələbə çatdırılacaq. Enerji və Təbii Sərvətlər Nazirliyinə tabe olan BOTAŞ tərəfindən Qəhrəmanmaraşın Türkoğlu rayonundan başlayaraq Suriyaya qədər uzanan 93 kilometrlik boru kəmərinin inşası tamamlanıb. Türkiyə Azərbaycan qazını bu xətt vasitəsilə Kilis üzərindən birbaşa qonşusu Suriya ilə bölüşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu mövzu ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, Suriyada həyatın normallaşması, elektrik enerjisinin istehsalının yenidən başlanması və sabitliyin dəstəklənməsi təhlükəsiz və könüllü qayıdış prosesini sürətləndirir: “Bu strateji xətt türk dünyasının regional nizam qurmaq potensialını inkişaf etdirir, inkişaf və sabitliyə töhfə verir. Prezidentimizin liderliyində ortaya qoyulan bu baxış ikitərəfli və çoxtərəfli əməkdaşlıqla etimad, hüzur və rifah iqliminə zəmin hazırlayıq. “Dildə, fikirdə, əməldə birlik” şüarı ilə biz bütün sahələrdə əməkdaşlığımızı daha da gücləndirəcəyik”.

Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Paylaş: