Xəbər verdiyimiz kimi, Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bundan başqa, rusiyalı politoloq Sergey Markovun da hədəfə gəldiyi haqda məlumatlar dolaşır.
Hər iki şəxsin Prezident İlham Əliyevin iştirakı ilə keçirilən 3-cü Şuşa Qlobal Mdia Forumunda iştirakı Moskvada ciddi qıcıq yaradıb. Hələlik ilk “qurban” Qusman oldu. Hadisə Moskvanın Bakı ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Ekspertlər iddia edir ki, Rusiya daha radikal addımlarla Bakıya təzyiq etməyi düşünür. Bəs bunun nə kimi nəticələri ola bilər?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev bildirib ki, tanınmış jurnalist Mixail Qusmanın Xankəndi şəhərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda iştirakına görə Rusiya rəhbərliyinin qəzəbinə tuş gəlməsini dərin narahatlıqla qarşılayır və bu addımı qınayır:
“Şuşa – Azərbaycanın tarixi və mədəni irsinin simvolu olmaqla yanaşı, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və birgəyaşayış çağırışlarının mərkəzinə çevrilib. Bu cür beynəlxalq tədbirlərdə iştirak yalnız dostluq və dialoqa xidmət edir, heç bir halda təzyiq və ya cəza ilə qarşılanmamalıdır. Media azadlığına və fərqli mövqelərə hörmət beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir. Jurnalistlərin və politoloqların belə tədbirlərdə iştirakı onların peşə borcu və ictimai məsuliyyətidir. Qusmanın cəzalandırılması həm fikir plüralizminə, həm də regionda barışıq səylərinə ziddir”.
Deputat Kremlin bu addımını qanunazidd hesab edib:
“Rusiya kimi böyük bir ölkənin bu cür addımı mətbuat və söz azadlığına, eləcə də regional əməkdaşlıq imkanlarına ciddi zərbədir. Ümid edirəm ki, məsələ ilə bağlı ədalətli qiymət veriləcək və belə halların təkrarlanmasına yol verilməyəcək”.
Zaira Akifqızı