Bu ilin ilk 6 ayında Azərbaycana idxal olunan minik avtomobillərinin sayı ötən illə müqayisədə kəskin şəkildə artaraq 47199 ədədə çatıb. Rəqəmlər avtomobil bazarında ciddi hərəkətliliyin olduğunu göstərsə də, bu artımın ikinci əl avtomobillərin satışına təsiri də müzakirə mövzusudur. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artım deməkdir.
Yeni avtomobillərin idxalında müşahidə olunan ciddi artım yerli avtomobil bazarına necə təsir edir? Xüsusilə ikinci əl nəqliyyat vasitələrinin qiyməti və satışı baxımından bazarda hansı dəyişikliklər baş verir? Satıcılar çətinlik çəkir, yoxsa rəqabət bazarı canlandırır?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, son aylarda gətirilən avtomobillərin əksəriyyəti elektrikli, hibrid və plagin hibrid modellərdən ibarətdir.
Onun sözlərinə görə, bu tip avtomobillərə marağın artması qlobal tendensiyalara uyğundur:
“İnsanlar avtomobillərini yeniləyəndə artıq daha çox bu növ nəqliyyat vasitələrini seçirlər. Bu, təbii prosesdir. Amma artım ənənəvi avtomobillərin satışına, xüsusilə də ikinci əl bazarına ciddi təsir göstərir. Artıq bu sahədə müəyyən problemlər yaşanır”.
Ekspert əlavə edib ki, son dövrlər taksi xidmətləri ilə bağlı islahatlar da avtomobil axınına təsir edən amillərdən biridir:
Elməddin Muradlı
“Köhnə taksilərin xəttə buraxılmaması ilə bağlı müəyyən qaydalar tətbiq olundu. Bu da taksi parklarının avtomobillərini yeniləməsini zəruri edib. Bununla yanaşı, fərdi şəkildə də vətəndaşlar yeni avtomobillərə maraq göstərirlər”.
Elməddin Muradlı avtomobillərin sayındakı artımın narahatlıq doğurmadığını da vurğulayıb:
“Tıxaclar və sıxlıq məsələləri ayrıca həll olunmalıdır. Amma ümumilikdə Azərbaycanda adambaşına düşən avtomobil sayı MDB məkanında aşağı göstəricilər sırasındadır. Sadəcə, rəsmi statistikada görünən avtomobillərin bir çoxu ya istismardan çıxıb, ya da istifadəyə yararsız vəziyyətdədir. Yəni bu artım qorxulu deyil, əksinə, avtomobil parkının yenilənməsi baxımından müsbət haldır”.
Ekspertin fikrincə, köhnə avtomobillərin bazarda qalması həm qəza riskini artırır, həm də qəzaların ağırlıq dərəcəsini yüksəldir. Ona görə də yenilənmə meyli müsbət qiymətləndirilməlidir, baxmayaraq ki, bu, ikinci əl bazarında durğunluq yaradıb”.
Zaira Akifqızı
Globalinfo.az