Qəzza ətrafında yaranmış gərginlik yenidən alovlanıb. Ötən sutka ərzində İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli həlak olub. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Eyni zamanda İsrail iyulun 6-sı axşam saatlarında Yəmənin qərbindəki Hodeyda əyalətində yerləşən limanlara bir neçə aviazərbə endirib. Bu gün isə İsrail Hərbi Hava Qüvvələri Livanın müxtəlif bölgələrində yerləşən “Hizbullah”ın raket anbarlarına intensiv hava zərbələri endirib.
Qeyd edək ki, bu hücumlar HƏMAS-la mübahisəli məsələlərin müzakirəsi üçün imkan yarandığı vaxtda baş verib. Belə ki, iyulun 4-də HƏMAS Fələstin qrupları ilə məsləhətləşmələrdən sonra Qəzzada atəşkəs təklifinə vasitəçilərə müsbət cavab vermişdi. Və İsrailin nümayəndə heyəti Qətərin paytaxtı Dohaya, HƏMAS-la arada vasitəçilər – Qətər, Misir, ABŞ-ın vasitəsilə qalan mübahisəli məsələləri müzakirə etmək üçün yola düşmüşdü.
Ötən gün BRİKS sammitinin birgə bəyanatında İsrail qüvvələrinin Qəzza zolağı və bütün işğal olunmuş Fələstin ərazilərindən tamamilə çıxarılması və Qəzzada qeyd-şərtsiz atəşkəsin yaradılması tələb edilib.
ABŞ Prezidenti Donald Tramp bu həftə Qəzzada atəşkəs elan oluna biləcəyini deyib. Tramp həmçinin BRİKS ölkələrinin anti-Amerika siyasətini dəstəkləyən istənilən dövlətə qarşı 10% gömrük rüsumu tətbiq olunacağını bəyan edib.
Mövzu ilə bağlı Britaniyalı politoloq Neil Vatson Globalinfo.az-a açıqlamasında bildirib ki, Qəzzadakı mürəkkəb vəziyyəti belə qısa müddətdə həll etmək mümkün deyil və Tramp, İrana qarşı silah işlətdiyi üçün vasitəçilik edəcək şəxs deyil.
“Prezident Tramp yenə də heç bir əsası olmayan şərhlər verir. Onun iqtisadi cəzalarla hədələməsi qeyri-adi haldır və onun bütün açıqlamaları instinktiv reaksiya kimi qarşılanır. Qəzza hazırda fövqəldövlətlər arasında piyada vəziyyətindədir. Ümid edirəm ki, tərəflər arasında atəşkəs olacaq və ölən insanları dəfn etmək, ləvazimat əldə etmək və tərəflərin danışıqlar masası arxasına keçməsi üçün fasilə yaranacaq. Lakin prezident Tramp döyüşkən ritorikası və İsrail yönlü mövqeyi ilə bunu çox çətinləşdirir. BRİKS ölkələrinin və digər təşkilatların birlikdə işləmək, prezident Tramp və onun tariflərinə əhəmiyyət vermədiklərini nümayiş etdirmək və Qəzza xalqı üçün ən yaxşısını etmək vaxtıdır”.
N.Vatson İsrailin mümkün danışıqlar fonunda yeni hücumlar təşkil etməsinin iki səbəbi olduğunu deyib:
“Birincisi, ABŞ İsraili dəstəkləyir və bununla da o, istədiyini edə biləcəyini düşünür. İkincisi, İsrail hərbi gücünü nümayiş etdirməyə davam etməklə danışıqlarda daha güclü mövqe ortaya qoymağı hədəfləyir. Beləliklə, istənilən sülh şərtləri onun xeyrinə olacaq”.
Gülnar Səlimova
Globainfo.az
İstanbul
