Bakı və rayonlarda meyvə-tərəvəz qiymətləri arasındakı fərq ictimai narazılığa səbəb olub. Bildirilir ki, məsələn, Ordubadda yerindəcə 70 qəpiyə satılan ərik paytaxtda 4-6 manat arasında təklif olunur. Şəhərdə ən ucuz əriyin qiyməti isə 2,50 manatdan başlayır. Bölgələrdə belə meyvələr bəzən satılmadan xarab olur və sıradan çıxır.
Eyni məhsulun Bakıda 3-4 dəfə baha satılmasının iqtisadi əsasları varmı? Aradakı qiymət fərqini tənzimləmək mümkündürmü?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, sahibkarlar məhsullarını rayondan paytaxta gətirib satmaqda çətinlik çəkirlər:
Akif Nəsirli
“Məsələn, bir fermer yük maşını ilə ərik gətirib Bakıda yalnız “Meyvəli” bazarında sata bilər. Amma orada əvvəlcədən yer tutmalı və 150 manat ödəniş etməlidirlər. Bu isə məhsulun qiymətinin bahalaşmasına səbəb olur. Problemin əsas mənbəyi kommunikasiya, logistika və bazar sistemindədir. Bakıda yalnız bir ədəd topdansatış meyvə bazarı var. Buna alternativ ticarət obyektləri və bazarlar yaradılmalıdır. Hökumət bu sahədə təşəbbüs göstərərək fermerləri bazarlara növbəsiz və pulsuz buraxmalıdır. Beləliklə, paytaxtda meyvə bolluğu yaranar və qiymətlər enər.
Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi bu mövzuda yetərli addım atmır. Onlar yalnız görüntü xarakterli “Kənddən Şəhərə” adlı yarmarkalar təşkil edir. Fermerlər burada nadir hallarda təmsil olunurlar. Problem yalnız hökumətin dəstəyi ilə həll oluna bilər. Ödənişsiz, sərbəst bazarlar təşkil edilməlidir ki, şəhər əhalisi yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunsun”.
Ləman Hüseynzadə
Globalinfo.az