İsrail və Azərbaycan arasında diplomatik irəliləmə Təl-Əvivin Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrini genişləndirmək və inkişaf etdirmək cəhdlərinin verdiyi faydalardan biridir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Tayms of İsrail” qəzeti çıxış edib.
Qəzet İsrailin nə Mərkəzi Asiya, nə də Qafqazda əsas oyunçu olduğunu, amma onun özünün yeni maraqlarına uyğun olaraq müttəfiqlərinə unikal üstünlüklər təqdim edəcəyini bildirib.
“Tayms of İsrail”ə danışan azərbaycanlı deputat Ramin Məmmədov Bakının keçən il Ermənistanla yüksək gərginlik fonunda İran tərəfindən gələcək təhdidlə əlaqədar İsraildə səfirlik açmaqdan müəyyən qədər ehtiyat etdiyini deyib:
“Bu dövrdə biz regional güclərdən gələcək riskləri nəzərə almaq məcburiyyətində idik. Bu gün ümid edirəm ki, Azərbaycanın suverenliyinə əsas təhdidlər keçmişdə qalıb”.
Ramin Məmmədov
Deputat Bakının artıq İsraillə əlaqələrin dərinləşdirilməsi məsələsində İranın mövqeyini nəzərə almadığını söyləyib.
Qəzet həmçinin İranın 44 günlük savaşdan sonra Azərbaycana qarşı ritorikasını sərtləşdirdiyini yazıb. Bunun isə İsrailə təhlükəsizlik sferasında imkanlar yaratdığını bildirib. Belə ki, Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun məlumatına əsasən, İsrail 2016-2020-ci illərdə Bakının silah idxalının 69%-ni təşkil edib və bu da Təl-Əvivin ümumi silah ixracının 17% miqdarında olub.
Nəşr Azərbaycanın İranla sərhədə nəzarəti tam təmin etməsinin (Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını azad edilməsinin – red.) İsrail üçün cəlbedici fakt olduğunu bildirib.
Aqşin
Globalinfo.az