Parlamentdə “hökumət saatı”nın olması təklif edilir

Parlamentdə "hökumət saatı"nın olması təklif edilir

“Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı yaxşı işlər də var, narahat edici məqamlar da. Büdcənin icrasında get-gedə şəffaflığın artırılmasını hiss edirəm və bu xoşdur. Son zamanlar maliyyə sahəsində də ciddi dəyişiklik anonsları oxuyuram və bu da xoş təsir bağışlayır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu günkü plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, büdcədə hər il artımlar görünür:

“Bu artımlar real iqtisadiyyatın real nəticələrinə söykənsə, yaxşı olardı. Daxili istehsal olsun və bu sahəyə yatırımlar artsın. İstərdim ki, adambaşına düşən məhsulun həcminə görə qonşu ölkələrdən geri qalmayaq. Növbəti büdcələrdə rəqabətli əmək haqları məsələsi həll edilsin və əmək haqları arasındakı ciddi fərqlər aradan qaldırılsın və bu sahədə qonşu ölkələrdən geri qalmayaq.

TBir təklifimi 2021-ci il 29 oktyabr tarixində də səsləndirmişəm. Təklif edirəm ki, Parlamentdə “hökumət saatı” müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın. Komitə iclaslarında, plenar iclaslarda əhatəli danışmaq və canlı, interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır.

Ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair rəhbər şəxslərə ciddi suallarımız var. Bu məsələlərdə Parlamentin rolunun nəinki artırılması, mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməliyik. Qanunlar gəlir və göndərən subyekt dəyişikliklərə qarşı olur. Bu yolverilməzdir.

Komitə iclaslarında, digər toplantılarda 15-20 deputat danışır, sual verir, bəzi suallara bir neçə cümlə ilə arqumentsiz cavablar verilir, çox suallar cavabsız qalır, aidiyyatı vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil notariusa təsdiqə gəlib. Kim düşünürsə ki, Parlament notariusdur, ciddi yanlışlığa yol verir. Onun üçün də bu cür yanaşmalarına düzəliş etsələr yaxşı olar.

Safura Bənnayeva
Globalinfo.az