partlayis

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.

Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

Çilingər işləyən 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.

***15:12

Bu gün saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə zavodun məlumatında deyilir.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

***13:44

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır”, – məlumatda deyilir.

***13:06

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

Paylaş: