orban

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən barəsində həbs qərarı verilməsinə baxmayaraq, Macarıstana səfər edib. O, ölkənin Baş naziri Viktor Orbanın dəvəti ilə bura gəlib. Oxşar proses ötən il də baş verib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin BCM-ə əhəmiyyət verməyərək, həmin ölkəyə gedib. Maraqlıdır ki, Macarıstan qurumun qərarını önəmli hesab etməyib. Bu da BCM-in nüfuzuna zərbə kimi dəyərləndirilib. Ermənistan Baş naziri Nikol Paşinyan da ötən il Roma Statutunu ratifikasiya etmək, yəni BCM-ə üzv olmaq üçün Rusiyanın təzyiqləri ilə mübarizə aparmışdı. Sözügedən vəziyyət, necə deyərlər, onun da “əməyini” yerə vurmuş oldu.

Beynəlxalq Cinayət Məhkəməsinin qərarları niyə tətbiq edilmir? Son proseslər qurumun fəaliyyətinə təsir edə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Şaiq Mirzəyev deyib ki, Macarıstanın Baş naziri Viktor Orban israilli həmkarını dəvət edibsə, deməli, təhlükəsizlik təminatını əvvəlcədən verib:

“Ümumiyyətlə, bütün görüşlər qabaqcadan razılaşdırılır. Müasir beynəlxalq hüquqda reputasiya baxımından, hansısa dövlət rəhbəri barəsində həbs qətimkan tədbirlərinin görülməsi istiqamətində mexanizm yoxdur.  Tarixdə BCM-in həbsinə qərar verdiyi hansısa liderin tutulduğuna dair heç bir məlumat yoxdur. Roma Statutunu ratifikasiya edən ölkələr kifayət qədərdir. Hətta Ermənistan da Putinin həbsinə çalışırdı. Lakin bunu icra edəcək qüvvə mövcud deyil”.

saiq

Şaiq Mirzəyev

Hüquqşünas bildirib ki, qərarların icra olunmasını təmin edə biləcək mexanizmlərin olmaması xoşagəlməz haldır:

“Bu, qərarı qəbul edən təşkilatın nüfuzuna xələl gətirir. Ya qərar qəbul olunmamalıdır, ya da mütləq əməl edilməlidir.  Sadəcə bəzi təşkilatlar prosesə səssiz qalmadığını göstərmək istəyir”.

Qeyd edək ki, BCM 2023-cü ildə Vladimir Putinin, ötən ilin noyabrında isə İsrailin Baş nazirinin həbsinə dair order verib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: