Kennedi foto

ABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsi ölkənin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyini ləğv edib. Arxiv təxminən 80 min səhifədən ibarətdir və dərc edilmiş məlumatlar hazırda jurnalistlər tərəfindən aktiv şəkildə öyrənilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Məlumata görə, sənədlərdə xüsusilə aşağıdakılar qeyd olunur:

1. Sənəd ABŞ-ın Avstraliyadakı səfirliyinə özünü SSRİ səfirliyində işləyən polşalı sürücü kimi təqdim edən naməlum şəxsin zəngi əsasında hazırlanıb. O, Kennediyə sui-qəsd cəhdini Sovet hökumətinin maliyyələşdirdiyini iddia edib. Onun sözlərinə görə, SSRİ guya qətlə görə 100 min dollar mükafat təyin edib.

2. Bununla belə, Avstraliya səlahiyyətliləri zəng edənin psixi cəhətdən qeyri-sabit olduğuna inansalar da, onun şəxsiyyətini müəyyənləşdirə bilməyiblər.

3. Buna baxmayaraq, MKİ və Avstraliya 1968-ci ildə sənədin nəşrinə qarşı çıxıb və MKİ sui-qəsdin hazırlanmasında SSRİ-nin roluna istinad edərək onun məxfiliyinin açılmasının qarşısını almağa çalışıb.

4. Arxivlərdə həmçinin ABŞ vətəndaşları ilə SSRİ sakinləri arasında nikahlar haqqında məlumatların uyğunsuzluğu ilə bağlı MKİ əməkdaşının dindirilməsi, Kennedini öldürməkdə ittiham olunan Li Harvi Osvaldın SSRİ-dən qayıtdıqdan sonra ABŞ-ın 35-ci prezidentinə sui-qəsd etməyi planlaşdırdığına dair nəzəriyyələr də yer alıb.

Eyni zamanda, senator Robert Kennedinin və vətəndaş hüquqlarının lideri Martin Lüter Kinqin öldürülməsi ilə bağlı işin materialları da məxfilikdən çıxarılıb.

Xatırladaq ki, 1992-ci il Məxfilik Aktı, milli təhlükəsizliyə, kəşfiyyat əməliyyatlarına və ya beynəlxalq münasibətlərə zərər verə biləcək sənədlər istisna olmaqla, 2017-ci ilin oktyabr ayına qədər bütün sənədlərin tam şəkildə açıqlanmasını tələb edirdi. Lakin proses dəfələrlə təxirə salınıb.

***10:00

Tramp administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənədi dərc edib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, sənədlər ABŞ Milli Arxivinin rəsmi saytında elektron şəkildə yayımlanıb.

ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, daha əvvəl məxfi saxlanılan sənədlərin tam şəkildə ictimaiyyətə təqdim olunmasına göstəriş verilib.

Milli Kəşfiyyat Direktorunun Ofisi bildirib ki, bu sənədlər əvvəlki məxfi qeydlərin redaktəsiz versiyasıdır. Bununla yanaşı, məhkəmə möhürü ilə qorunan və ya böyük münsiflər heyətinə aid bəzi materiallar məxfi olaraq qalır.

Mütəxəssislər yeni açıqlanan sənədlərin Kennedinin qətli ilə bağlı əsaslı bir yenilik ortaya çıxarmayacağını düşünürlər.

ABŞ-ın 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. O, avtomobildə açıq kortejlə hərəkət edərkən atəşə tutulub. Prezidentin ölümünə səbəb baş və boyun nahiyəsindən aldığı güllə yaraları olub.

Paylaş: