Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması rəsmi Bakının uğurlu xarici siyasətinin növbəti nəticəsi kimi dəyərləndirilir. Hələ də açıq qalan məsələlərin olmasına rəğmən, rəsmi Bakı qonşu ölkələrlə münasibətlərini qaydaya salır, beynəlxalq arenada diplomatik əlaqələrini genişləndirir.
Regionda maraqlı aktorlar, o cümlədən, Pakistan, Çin, İsrail və s. kimi ölkələrlə də çox yaxşı münasibətlər sistemi formalaşdırıb. Sadəcə İranla dəyişən əlaqələr, münasibətlərin enişli-çıxışlı olması müıyyən narahatlığın yaranmasına səbəb olur. Hazırda Bakı-Tehran münasibətləri qaydasında olsa da, mövcud irəliləyişlər fonunda yenidən gərginliyin yarana biləcəyinə dair fikirlər səsləndirilir.
İran ətrafında baş verən son proseslər bu ölkəni neytarallaşdırmaq gücündədirmi? Bakı və İrəvan arasında razılaşdırılmış mətn üzrə sülh müqaviləsinin imzalanmasına Tehranın gerçək münasibəti necə olar?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, bu, bir çox dövlətin, o cümlədən, Rusiya və İranın Cənubi Qafqaza müdaxilə imkanlarını azaldacaq:
“Sülh sazişi Bakı və İrəvanın münasibətləri normallaşdırması, həmçinin problem kimi qalan məqamları ikili danışıqlarla həll etməsi deməkdir. Yəni heç bir kənar qüvvəyə, ya da vasitəçiyə ehtiyac qalmayacaq.

Elxan Şahinoğlu
Hazırda sülh istiqamətində addımlar davam edir. Tərəflər bunu ikili danışıqlarla həyata keçirirlər. Paralel olaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində işlər yekunlaşır. Bu, həm də Türkiyə-Ermənistan münasibətlərin normallaşması mənasına gəlir. Rusiya və İran kimi ölkələr illərdir mövcud olan münaqişədən həm Bakı, həm də İrəvana müdaxilə etmək, ya da gərginliyi artırmaq üçün yararlanıblar. Sülh müqaviləsi imzalansa, bu imkanlar əllərindən çıxacaq”.
Turan Rzayev
Globalinfo.az