Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2021-ci ildə Prezident Vladimir Putin və ABŞ-ın keçmiş prezidenti Co Bayden arasında Cenevrədə baş tutan görüşdən danışıb.
Globalinfo.az xəbər verir ki, Lavrov bununla bağlı amerikalı blogerlər Endryu Napolitano, Larri Conson və Mario Naufalla ilə müsahibəsində müvafiq sualı cavablandırıb.
O, Putin və Bayden arasında xarici işlər nazirlərinin də iştirakı ilə qısa görüşün baş tutduğunu bildirib:
“Sadəcə qısa söhbət oldu. Koronavirusun tüğyan etdiyi zamanlar idi. Bayden avtoritar hökumətləri olan ölkələrin COVİD-19-un öhdəsindən gəlmək üçün daha yaxşı iş gördüyünü dedi. Daha sonra bu səbəbdən demokratiyanın mütləqiyyəti ilə bağlı yenidən düşünməyə başladığını söylədi. Onlar deyirdi ki, hər bir dövlətin fəaliyyət azadlığı var və peyvənd məsələsinə özləri qərar verirlər. Amma Ağ Ev rəhbəri Çin və Rusiyanın virusun öhdəsindən ABŞ-dan daha yaxşı gəldiyini vurğuladı”.
Xatırladaq ki, Vladimir Putin və Co Bayden arasında 2021-ci ilin iyunun 16-da Cenevrədə Zirvə görüşü keçirilib.
Ayşən Mustafa
Globalinfo.az














