ordu muharibe 1211

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Arazdəyən istiqamətində istehkamlar tikdiyinə dair yayılan videolar ictimaiyyətdə, eləcə də yerli və xarici mediada ermənilərin yeni müharibəyə hazırlaşması kimi təqdim edilib. Şərti sərhəddə baş verən atəşkəs pozuntuları, bunkerlərin, istehkamların tikilməsi fonunda müharibənin baş verib-verməyəcəyi sual yaradır.

Bakı bu hazırlığı səbirlə seyr edəcək, ya cavab verəcək?

Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, Azərbaycan kiminlə qonşu olduğunu və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri heç vaxt yerinə yetirmədiyini çox yaxşı bilir:

“Ermənilər Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası tərəfindən bölgəyə gətirilib. Həmin müddətdən bəri ermənilərlə dəfələrlə razılaşmalar olub, lakin hamısını pozublar. 1905-1907, 1918-ci il hadisələri, AXC-nin süqutundan sonra Göyçə, Zəngəzurun işğalı, Qərbi azərbaycanlıların deportasiya olunması və s. buna nümunədir. Ermənistan bu məkrli niyyətindən əl çəkməyib. Beynəlxalq güclərin aləti rolunu oynayılar”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın intensiv şəkildə bir çox ölkə tərəfindən silahlandırılması, yeni texnikalar alması onu cəsarətləndirib:

emin h

Emin Həsənli

“44 günlük müharibədən sonra ermənilərin xəstə ideyalarından əl çəkəcəkləri gözlənilirdi. Lakin bu gün tamamilə əks yanaşmanın şahidiyik. Qeyd edim ki, Ermənistanın sözügedən addımları indi daha sərt cavabla qarşılaşacaq.

1900-cü illər deyil, Azərbaycan müstəqildir, güclü ordusu, iradəsi var. 2016-cı ilin aprel hadisələrində də növbəti cavabın daha ağır vurulacağını bildirirdik. 2020-ci ildəki cəzanın böyüklüyü hamıya məlumdur. Ermənistanın təxribatlarına qarşılıq Azərbaycanın verəcəyi növbəti cavab Ermənistan dövlətinin mövcudluğunu sual altında qoyur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: