Fransanın Strasburq şəhərində Avropa Şurasının binası qarşısında PKK üzvləri və onların tərəfdarları stend açaraq Türkiyəyə qarşı təbliğat fəaliyyəti həyata keçirib. Bununla paralel paytaxt Parisdə də aksiyalar keçirən PKK-çılar Fransa polisinin müdaxiləsindən sonra daha da azğınlaşıblar. Xeyli obyektə zərər vuran etirazçılar 10-dan artıq jandarmı da yaralayıb.
Maraqlıdır, Fransa başda olmaqla bir sıra Qərbi Avropa ölkəsinin himayə etdiyi PKK tərəfdarları nə üçün indi onların özlərinə qarşı yönəlib?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Vaqif Hüseyn deyib ki, PKK tərəfdarlarının Fransada təşkil etdiyi iğtişaşlar iki məsələni aktuallaşdırdı:
“Birincisi, bu aksiyalar başda Fransa olmaqla Avropada miqrantlara, siyasi sığınacaq verilən əcnəbilərə qarşı günbəgün artan şovinizm, irqi ayrı-seçkiliyə etiraz idi. Bu, Qərbin daxilində bəslədiyi nifrəti – dini, irqi ayrı-seçkiliyi bir daha göstərir.
İkincisi, iğtişaşlar Fransa üçün ciddi bir dərs oldu. Belə ki, başda Fransa olmaqla bir çox Avropa ölkəsi Türkiyənin illərdir mübarizə apardığı terror şəbəkəsinin üzvlərini himayə edir, onlara sığınacaq, hətta vətəndaşlıq belə verir. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də Paris bu xəbərdarlıqlara məhəl qoymayıb.
Hesab edirəm, Avropa bu gün Türkiyəni daha yaxşı başa düşməlidir. Çünki himayə etdikləri insanlar faktiki terrorçudur və terroru himayə edən ölkə gec-tez özü terrorun qurbanına çevrilə bilər. PKK faktiki olaraq keçirdiyi qanlı aksiyalar ilə bir daha əsl mahiyyətini, terrorçu xislətini göstərmiş oldu.
Lakin bu, Avropanın insanlara dini, irqi, etnik ayrı-seçkilik etməsi üçün əsas vermir. Bu, qeyri-insani davranışdır. Qərb Fransa nümunəsindən ibrət almalı, terroru himayə etməyi dayandırmalıdır”.
Turan Rzayev
Globalinfo.az