Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
COP29 tədbirinə dəvətə görə minnətdarlığını ifadə edən Petr Fiala Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirdi. Çex Respublikasının Baş naziri COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, COP miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan olmadığını vurğuladı.
Qonaq qeyd etdi ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl təqdimat nümayiş olunub.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən COP29-a hazırlıq tədbirlərinin qısa müddət ərzində yüksək səviyyədə həyata keçirildiyini və digər COP sədri ölkələrindən fərqli olaraq, bizim hazırlıq üçün çox az vaxtımızın olduğunu vurğuladı.
Tədbirin mahiyyəti üzrə aparılan danışıqlar prosesində artıq irəliləyişlərin əldə olunduğunu, qısa müddət ərzində gündəliyin razılaşdırıldığını deyən Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı bunu müsbət addım kimi qiymətləndirdi.
Prezident İlham Əliyev 2022-ci ildə Avropa Siyasi Birliyi çərçivəsində Çex Respublikasına səfərini məmnunluqla xatırladı.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***17:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi.
Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.
Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi.
Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.
***17:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***15:46
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Qana Prezidentinin ölkəmizə bu səfəri əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə dəvətə görə minnətdarlığını bildirdi və onun yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla vurğuladı.
Qana Prezidenti qeyd etdi ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat yaradıb.
Qonaq bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə etdiyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Qana arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olundu, iqtisadiyyat, biznes əlaqələri, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Münasibətlərimizi, o cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün müxtəlif sahələri əhatə edən nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olundu.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa toxunularaq, Qanadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları və bu təhsildən çox məmnun qaldıqları bildirildi.
***15:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
***14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.