Türkiyənin məşhur “Hürriyyet” qəzeti ölkədə 2028-ci ildən əvvəl növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyini iddia edib.
Qəzeti yazır ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın yenidən “ən güclü namizəd” olması gözlənilir.
Maraqlıdır ki, ötən həftə Ərdoğan növbədənkənar prezident seçkiləri ilə bağlı müxalifətin bəyanatlarını rədd edib və növbəti seçki dövrünün 3,5 ildən sonra baş tutacağını vurğulayıb.
Türkiyədə bu proses erkən keçirilə bilərmi? Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması hansı halda mümkündür?
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsammədin İnanc deyib ki, bu məsələ son günlər Türkiyədə yenidən gündəmə gəlib:
“Prezidentli respublika quruluşunun tələblərinə görə, bir dövlət başçısı hər hansı səbəbdən hakimiyyət müddətini tamamlaya bilməzsə, yenidən seçkilərə qatılma haqqı qazanır. Əslində bunun ən real göstəricisi parlamentin özünü buraxmasıdır. Yəni 2027-ci ildə Türkiyə Böyük Millət Məclisi dolayı yolla özünü buraxarsa, bu halda Rəcəb Tayyib Ərdoğan yenidən prezidentliyə namizədliyini irəli sürə bilər.

Hüsamettin İnac
Hazırda prezident seçkiləri ilə bağlı məsələ gündəmdədir və müəyyən işlər görülür. Lakin parlamentin özünü buraxması üçün lazım olan səs çoxluğu əldə edilməsi real görünmür. Sadəcə müxalifət də razı olacağı və səs verərək dəstəkləyəcəyi zaman belə bir şey mümkün ola bilər. Məlumata görə, hazırda ana müxalifət Cümhuriyyət Xalq Partiyası(CHP) ilə iqtidar arasında isti münasibətlər var”.
Politoloqun sözlərinə görə, Türkiyədə ciddi mənada yeni bir konstitusiyanın tərtib edilməsi gündəmdədir:
“Hazırkı konstitusiya hərbi çevrilişlər fonunda dəyişikliyə məruz qalaraq tərtib olunub. Buna görə həm konstitusiyanın demokratik şəkildə hazırlanması, həm də parlamentin buraxılması ilə yenidən seçkilərin keçirilməsi mümkün ola bilər”.
Turan Rzayev
Globalinfo.az