Polish 20230801 192317825


Son günlər Ermənistanın bir sıra ölkələr tərəfindən silahlandırılması onun nəyə hazırlıq gördüyü ilə bağlı suallar yaradır. Bir neçə gün öncə, Ümumdünya Erməni Sammitində Ermənistanın Təhlükəsizlik Şurasının katibi ölkəsinin Fransa və Hindistanla artan hərbi əməkdaşlığına diqqət çəkib, bu əməkdaşlığa böyük önəm verdiklərini vurğulamışdı. Həmçinin qeyd etmişdi ki, Ermənistan yeni tərəfdaşlar axtarışındadır və bu istiqamətdə sistemli addımlar atır.

Ermənistanın yeni tərəfdaşları kim ola bilər? Bu qədər silahlanma nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, Ermənistan çox yanlış yoldadır, odla oynayır:

“Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə, eləcə də müharibə zamanı, ordumuza qarşı istifadə olunan silahlar Bakıda Qənimətlər parkında nümayiş etdirilir.

Ermənistan kiçik ölkədir, bu qədər silahlanmasına baxmayaraq qonşuluğundakı heç bir ölkə ilə müharibə apara bilməz. O yalnız bu kimi addımlar, çox sayda islah-sursat almaqla və s. iqtisadiyyatına ciddi zərbə vurur.

Başda Fransa və Hindistan olmaqla Ermənistanı silahlandıran ölkələrin regionda öz maraqları var. Bu silahların əksəriyyəti köhnə texnikalardır. Doğrudur, yeni sistemlər də verilir, hətta onlardan istifadə qaydaları ilə bağlı erməni hərbçilərə təlimlər də keçirilir. Buna ABŞ-ın son təlimlərini nümunə çəkmək olar, amma bütün hazırlıqlara baxmayaraq Ermənistanın Azərbaycanla böyük eskalasiyaya başlayacağını, hətta uğur qazana biləcəyini düşünmək olmaz”.

emin hesenli

Emin Həsənli

Hərbi ekspertin sözlərinə görə, Ermənistan hazırda Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirdiyini göstərir:

“Yeni tərəfdaşlar axtarışında olan Ermənistan hərbi istiqamətdə həm güclənmək, həm də sözdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu göstərir. Şərti sərhəddə intensiv formada atəşkəsin pozulmasından aydın olur ki, rəsmi İrəvan heç də sülh istiqamətində addım atmaq niyyətində deyil. Digər tərəfdən bu kimi təxribatların hələ bir müddət də baş tutması istisna edilməməlidir.

Ermənistan Türkiyəyə, Rusiyaya, Azərbaycana hücum etmək gücündə belə deyil. Ona görə də düşünürəm ki, İrəvanın bu kimi təxribatlarına Azərbaycan ordusu adekvat cavab verəcək.

Bu gün sülh sazişi imzalamaqdan yayınan Ermənistan hökuməti çox böyük səhv etdiyini hələ dərk etmir. . Belə ki, bu gün atılan yanlış addım gələcəkdə Ermənistanın sonunu gətirə bilər. Azərbaycan düşünülmüş, planlaşdırılmış formada siyasətini yeridir. Hazırda rəsmi Bakı regionda yeni reallıqlar yaradıb”.

Safura Bənnayeva

Globalinfo.az

Paylaş: